Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası

Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası 2006-cı ildə Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrası bazasında yaradılmışdır. İlkin olaraq Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi nəzdində yaradılan kafedra 2011-ci ildən Bakı Dövlət Universitetində aparılan bəzi struktur dəyişiklikləri nəticəsində Hüquq fakültəsi nəzdində fəaliyyət göstərir. Kafedraya 2006-2010-cu illərdə hüquq üzrə fəlsəfə doktoru, dosent Sədiyar Zeynalov, 2011-ci ildə isə hüquq elmləri doktoru, professor Əmir Əliyev rəhbərlik etmişdir. 2011-ci ildən kafedraya hüquq üzrə fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov rəhbərlik edir.

Kafedrada Hüquq fakültəsini və nüfuzlu xarici ali təhsil müəssisələrini yük­sək gös­tə­ricilərlə bitirən əsasən gənc mütəxəs­sis­lərdən ibarət biri elmlər doktoru, doqquzu fəlsəfə doktoru və bir müəllim olmaqla 11 professor-müəlim heyəti fəaliyyət göstərir. Bundan başqa Hüquq ixtisası üzrə xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar da bu gün kafedrada müvafiq magistratura ixtisaslaşmalarında və ingilis bölməsində saathesabı qaydada tədris prosesində iştirak edir.

 Kafedranın kadr potensialı yüksələn xətlə in­­­kişaf edir. Belə ki, yaradılmasından keçən qısa müddətdə kafedranın bir əməkdaşı hüquq elmləri doktoru, doqquz əməkdaşı hü­quq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, bir əməkdaş hüquq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.

Hazırda kafedra üzrə tədris bakalavriat və magistratura səviyyələrində  Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Bakalavriat  səviyyəsində tədris 1 (bir) ixtisas - “Hüquqşünaslıq” ixtisası üzrə əyani və qiyabi (o cümlədən ikinci ali təhsil) formada aparılır. Bakalavriat tədris səviyyəsində kafedra üzrə 2 (iki) əsas (Avropa hüququ və Beynəlxalq xüsusi hüquq), 3 seçmə (Dəniz və enerji hüququ, Nəqliyyat hüququ, Hava və kosmos hüququ) fənn tədris edilir.

Kafedra üzrə magistratura səviyyəsində tədris üç magistratura ixtisaslaşması (“Avropa hüququ”, “Beynəlxalq hüquq”, “Dəniz və enerji hüququ”) üzrə həyata keçirilir. Bu ixtisaslaşmalar üzrə 30-a yaxın fənn tədris edilir. Eyni zamanda kafedrada əlavə olaraq beş magistratura ixtisaslaşması (“Beynəlxalq iqtisadi hüquq”,  “Kommersiya hüququ”, “Turizm hüququ”, “Əmək  hüququ; sosial təminat hüququ”, “İnzibati  hüquq; inzibati proses, iqtisadi və maliyyə hüququ”) üzrə 10-dan çox fənn tədris edilir

Fəaliyyət göstərdiyi müddətdə kafedra üzrə iki “ikili diplom” magistratura proqramı həyata keçirilmişdir. 2011-ci ildə Bakı Dövlət Universiteti ilə Almaniyanın Vüzburq Universiteti arasında imzalanmış memoranduma əsasən həyata keçirilən “Avropa hüququ” ixtisaslaşması üzrə “ikili diplom” magistratura proqramı 2018-ci ildə başa çatmışdır. İngilis və alman dillərində tədrisin həyata keçirildiyi bu proqrama müvafiq olaraq “Avropa hüququ” ixtisaslaşmasını bitirən 30-dan çox magistrant Bakı Dövlət Universiteti və Almaniyanın Vüzburq Universitetinin diplomlarını əldə etmişdir.

“Dəniz və enerji hüququ” ixtisasında magistratura proqramı 2012-ci ildə  Bakı Dövlət Universiteti ilə Amerika İnkişaf Agentliyi arasında Memorandum və buna uyğun olaraq ABŞ-ın Tüleyn Universitetinin Hüquq fakültəsi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi arasında bağlanmış Niyyət Protokolu əsasında təşkil edilmişdir. Bu proqramın bazasında Bakı Dövlət Universiteti ilə Ə.Nəvai adına Qazax Milli Universiteti arasında 2019-cu ildə bağlanmış saziş əsasında “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə “ikili diplom” proqramı fəaliyyət göstərir. Bu proqramda tədis həm azərbaycanlı, həm də qazaxstanlı mütəxəssislər tərəfindən aparılır.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət