Fakültənin Beynəlxalq Mərkəzləri

BDU Hüquq fakültəsində beynəlxalq əməkdaşlıq çərçivəsində bir beynəlxalq əhəmiyyətli kafedra və bir sıra beynəlxalq mərkəzlər fəaliyyət göstərir.

  1. İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası. Hüquq fakültəsində 2013-cü ildə “İnsan hüquqları” kafedrası təsis edilmişdir. Kafedranın UNESCO ka­fed­rası adlandırılması məqsədilə UNESCO beynəlxalq təşkilatına müraciət olunmuş, UNESCO isə öz növbəsində BDU Hüquq fakültəsində belə bir kafedranın açılması ilə bağlı təklifi müsbət qarşılamışdır. Nəhayət, 2015-ci ildə BDU və UNESCO arasında imzalanmış Sazişə əsasən “İnsan hüquqları” kafedrası “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası kimi yenidən təşkil edilmişdir. 2019-cu ildə UNESCO təşkilatının qərarı ilə kafedranın fəaliyyəti qənaətbəxş hesab edilərək növbəti dörd il müddətinə, yəni 2023-cü ilə qədər UNESCO statusu kafedranın üzərində saxlanılmışdır. Hazırda kafedra UNESCO təşkilatı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və kafedranın əməkdaşları mühüm beynəlxalq layihələrdə iştirak edirlər. Belə ki, kafedranın əməkdaşları BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin layihəsinə əsasən İnsan hüquqları magistr proqramı üzrə tədris sisteminin təkmilləşdirilməsinə hüquq mütəxəssisi kimi qatılmışlar, nəticədə bu istiqamətdə müasir tədris planı və proqramları azərbaycan və ingilis dillərində yüksək elmi səviyyədə hazırlanmışdır.
  2. Dəniz və enerji hüququ Mərkəzi. Hüquq fakültəsinin beynəlxalq mərkəzlərindən biri Dəniz və enerji hüququ Mərkəzidir. BDU və Amerika İnkişaf Agentliyi arasında “Dəniz və enerji hüququ” sahəsində magistratura proqramının təşkili ilə bağlı 2012-ci il oktyabr ayında Memorandum imzalanmışdır. Bu Memorandum ABŞ Dövlət Departamentinin dəstəyi və ABŞ Ədliyyə Departamentinin birbaşa layihəsi ilə həyata keçirilmişdir. 2012-ci ildə Tüleyn Universiteti Hüquq fakültəsinin dekanı və digər professor-müəllim heyətinin BDU-ya səfəri zamanı Tüleyn Universiteti Hüquq fakültəsi və BDU Hüquq fakültəsi arasında Dəniz və enerji hüquq sahəsində magistratura proqramının təşkili ilə bağlı Niyyət Protokolu imzalanmışdır. Artıq neçə illərdir ki, “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşmasına qəbul müvəffəqiyyətlə həyata keçirilir və tədrisin bəzi fənləri ilkin dövrdə əcnəbi mütəxəssislərin iştirakı ilə aparılmışdır. Hər iki fakültənin birgə bir neçə beynəlxalq konfransı keçirilmişdir. 2020-ci ildə isə “Dəniz və enerji hüququ” sahəsində Tüleyn Universiteti Hüquq fakültəsinin dəstəyi ilə BDU Hüquq fakültəsində qurulmuş elmi məktəb bazasında Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti ilə ikili diplom proqramı haqqında Müqavilə imzalanmışdır. Hazırda tədrisin ingilis dilində aparıldığı bu ikili diplom proqramı üzrə təhsil uğurla davam etdirilir.
  3. Müqayisəli hüquqi araşdırmalar Mərkəzi. BDU və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Müqavilə ilə 2020-ci ildən fakültədə Müqayisəli hüquqi araşdırmalar Mərkəzi fəaliyyətə başlanılmışdır. Əsas məqsəd ikili diplom proqramı üzrə doktoranturanın inkişafıdır.  Eyni zamanda, Mərkəz gələcəkdə BDU ilə Almaniyanın nüfuzlu hüquq məktəbləri arasında əlaqələrin və ikili diplom proqramlarının miqyasını genişləndirəcək, birgə doktorant və magistr hazırlığını daha da gücləndirərək elmi mübadiləni inkişaf etdirəcəkdir. Həmçinin Mərkəzdə magistr və doktorantların tədqiqat imkanlarının genişləndirilməsi, tədqiqat fəaliyyətlərinin təkmilləşdirilməsi kimi məsələlərin reallaşdırılması da nəzərdə tutulur. Mərkəzin müvafiq kitab və avadanlıqlarla təchizi, o cümlədən digər texniki təminatı Halle-Vittenberq Universiteti tərəfindən həyata keçirilmişdir.
Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət