Hüquq fakültəsi bu gün BDU-nun (Bakı Dövlət Universiteti) aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biridir. Hüquq fakültəsinin tarixi böyük və zəngindir – o, az qala BDU-nun özü ilə yaşıddır. Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı Dövlət Darülfünunun təsisi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan Tarix-filologiya, Fizika-riyaziyyat, Hüquq və Tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur. Bununla belə, yalnız iki fakültə - dörd kursdan ibarət Tibb fakültəsi və bir (birinci) kursdan ibarət Tarix-filologiya fakültəsi üçün müvəqqəti ştat və smeta müəyyən edilmişdi. Həmin dövrdə Hüquq fakültəsini (eləcə də, Fizika-riyaziyyat fakültəsini) sırf maddi-texniki səbəblər və hüquqşünas kadrların yoxluğundan açmaq mümkün olmamışdır. Nəhayət, 1927-28-ci dərs ilində Şərq fakültəsinin nəzdində hüquq şöbəsi fəaliyyətə başlamışdır. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq məhkəmə və inzibati-dövlət aparatı orqanlarında çalışa bilən milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi.
Hüquq şöbəsinin bazasında isə 17 dekabr 1928-ci ildə Hüquq fakültəsi təşkil edilmişdir. Dövlət və hüquq nəzəriyyəsi üzrə mütəxəssis, professor A.O.Mişel Azərbaycan Dövlət Universitetinin (ADU–indiki BDU) Hüquq fakültəsinin ilk dekanı təyin olunmuşdur.Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayanda onun 11 kafedrası var idi.
1930-cu ilin əvvəllərində Universitetin bağlanması məsələsi meydana çıxmışdır. Bu isə öz növbəsində, Hüquq fakültəsinə də təsirini göstərmişdir. Belə ki, 1930-cu ilin iyununda ADU-nun Hüquq fakültəsinin bazasında Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu yaradılmaqla Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeçiliyinə verilmişdir. Hüquq fakültəsi tarixinin universitet mərhələsinin birinci hissəsi belə yekunlaşmışdır. Beləliklə, Hüquq fakültəsi 1930-1933-cü illərdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu kimi fəaliyyət göstərmiş, 1933-cü ildə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun tələbə-müəllim kontingenti İctimai-İqtisadi İnstitutun tərkibinə verilmiş və həmin İnstitutun Hüquq fakültəsinə çevrilmişdir. Hüquq fakültəsinin ADU-dan kənardakı tarixi 1941-ci ilə qədər davam etmişdir. 1941-ci ildə müharibənin başlanması və ali məktəb müəllimləri və tələbələrinin əksəriyyətinin cəbhəyə getməsi ilə əlaqədar olaraq, bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ADU-ya birləşdirildi. Hüquq fakültəsi o vaxtdan etibarən Universitetin tərkibinə birdəfəlik daxil oldu.1960-cı illərdə fakültə xeyli böyümüş, onun professor-müəllim heyəti və tələbə kontingentinin sıraları, fakültə əməkdaşlarının elmi-tədqiqat işlərinin profili və əhəmiyyəti nəzərə çarpacaq dərəcədə genişlənmişdir. ADU-nun və onun Hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən başlayır. Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, Heydər Əliyev bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsi və elmini tamamilə xalqın fakültəsinə çevirdi. Heydər Əliyevin o dövrdə uzaqgörənliyinin əsas istiqamətlərindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olmuşdur.
Azərbaycan Respublikası 1991-ci ildə özünün müstəqilliyini bərpa etdikdən sonra Hüquq fakültəsi müstəqil dövlətin hüquqşünas kadrlarının yetişdirilməsinin əsas bazası kimi çıxış etməyə başladı. Hazırda Hüquq fakültəsində savadlı və müasir dünyagörüşlü hüquqşünas kadrların yetişdirilməsi üzrə tədris beynəlxalq təcrübəni öyrənməklə uğurla davam etdirilir. Bu zaman yeni tədris standartları və tədris planı qabaqcıl dünya hüquq məktəblərinin təcrübəsi öyrənilməklə tərtib edilmişdir. Hüquq fakültəsində bakalavr tədris pilləsində azərbaycan və rus bölmələri ilə yanaşı, 2012-ci ildən ingilis bölməsinə də qəbul həyata keçirilir. Xaricdə təhsil almış və yaxşı hüquq təhsilinə malik olan məzunlar Hüquq fakültəsində daimi və saathesabı qaydada tədrisə cəlb olunmuşlar. Bundan başqa, xarici dövlətlərin ayrı-ayrı təhsil proqramları (Fulbright və s.) üzrə tanınmış əcnəbi alimlər də Hüquq fakültəsində tədrisdə fəal iştirak edirlər.
Hüquq fakültəsində klassik hüquq sahələri ilə yanaşı, yeni hüquq sahələrinin inkişafı üzrə də mühüm elmi məktəblər formalaşmışdır. Bu zaman yeni kafedralar (İnsan hüquqları və informasiya hüququ UNESCO və Əqli mülkiyyət hüququ kafedraları), elmi mərkəzlər (Müqayisəli hüquqi araşdırmalar Mərkəzi və s.) və Hüquq Klinikası yaradılmışdır.
Hüquq fakültəsində ikili diplom proqramları üzrə yaxşı təcrübə formalaşmışdır. 2013-2020-ci illəri əhatə edən və Almaniyanın Vürzburq Universiteti ilə imzalanmış "Avropa hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı üzrə Sazişlə 65-dən çox BDU Hüquq fakültəsinin məzunu, eyni zamanda, Vürzburq Universitetinin magistr diplomunu almışdır.
Hazırda ikili diplom proqramları "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə Qazaxıstanın Əl-Fərabi asdına Qazax Milli Universiteti, "Əqli mülkiyyət hüququ" magistratura ixtisaslaşması üzrə Fransanın Lyon-2 Universiteti, 5608.01 - "Mülki hüquq; ailə hüququ; beynəlxalq xüsusi hüquq; sahibkarlıq hüququ" doktorantura ixtisası üzrə Almaniyanın Halle-Vittenberq Universiteti ilə davam etdirilir. Bundan başqa, yeni ikili diplom proqramlarının magistratura ixtisaslaşmaları üzrə Litvanın Vilnüs Universiteti və Almaniyanın Halle-Vittenberq Universiteti ilə qurulması üzərində ciddi işlər aparılır.
Hüquq fakültəsində daim müxtəlif treninqlər, dəyirmi masalar, seminarlar və konfranslar keçirilir. Burada mövzular hüququn müxtəlif aktual problemlərinə həsr edilməklə bərabər, tələbələr daim müzakirələrə və çıxışlara cəlb edilirlər. Bundan başqa, Hüquq fakültəsinin professor-müəllim heyəti, o cümlədən tələbələr xaricdə keçirilmiş müxtəlif tədbirlərdə də fəal iştirak edirlər. Hər il Respublikamızda hüquqşünas kadrların yetmiş faizindən çoxu BDU Hüquq fakültəsinin məzunudur. Bu sahədə qəbul planı Hüquq fakültəsində bakalavr, magistratuira və doktorantura pillələrində ildən-ilə daim artılır. Bu Hüquq fakültəsinin dövlət və cəmiyyət qarşısında öhdəliklərinə məsuliyyətlə yanaşması və savadlı kadr hazırlığı ilə bağlıdır. Eyni zamanda, Hüquq fakültəsi qarşısında daim yeni hədəflər və istiqamətlər müəyyən edilir və beynəlxalq əməkdaşlıq əlaqələri artırılır.