Tələbələr üçün

Əziz tələbələrimiz!

BDU Hüquq fakültəsində güclü elmi bazaya və təşkilati birliyə malik tələbə təşkilatları fəaliyyət göstərir. Sizləri həmin tələbə təşkilkatlarının müxtəlif fəaliyyət istiqamətlərindən bəhrələnməyə dəvət edirik. 

Tələbə Həmkarlar İttifaqı gənclərin insan hüquqları, gender bərabərliyi, eyni zamanda, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılmasına istiqamətlənmişdir. Tələbə Həmkarlar Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri az təminatlı ailələrdən olan tələbələrə müxtəlif istiqamətdən (təhsil haqqının ödənilməsi, ödənişsiz yemək kartları və s.) maddi yardım göstərməkdir. Gənclər arasında humanizm dəyərlərinin təbliğ edilməsi və gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılmasının təmin edilməsi məqsədi ilə tələbə-gənclərin fəaliyyəti nəticəsində bir tədris ilində bir neçə dəfə fakültə daxilində tələbələrin öz hazırladıqları məhsulların satışı ilə xeyriyyə yarmarkaları təşkil edilməklə həmin yarmarkalardan əldə edilmiş pul vəsaiti əhalinin sosial həssas, maddi yardıma ehtiyacı olan qruplarına xərclənir. “Card to Heart” (kartdan qəlbə) layihəsi çərçivəsində onlayn vasitələrlə xeyriyyə məqsədləri üçün vəsaitlər toplanması da təşkilatın həyata keçirdiyi sosial layihələrdəndir.

Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqının sədri: Əliyev Əkbər Elşən oğlu ([email protected]) - fakültənin İnformasiya hüququ (ingilis bölməsi) ixtisaslaşması üzrə II kurs magistrantı.

 

Tələbə Gənclər Təşkilatının əsas məqsədi tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir. Tələbə Gənclər Təşkilatı tələbələrin fərdi inkişafına böyük dəstək verir, onların tələbəlik həyatına rəng qatır, yeni dostlar, tanışlar qazandırır, böyük imkanlar açır. İstənilən tələbə təşkilata qoşula və istədiyi layihədə iştirak edə bilər. Bu isə tələbənin artıq idarəetmə bacarığını, liderlik qabiliyyətini artırır. Təşkilatçıların fəaliyyəti yalnız universitet çərçivəsində yekunlaşmır. Tələbə Gənclər Təşkilatı respublika səviyyəsində, bütün tələbə-gəncləri fərqli və maraqlı tədbir və layihələri ilə özünə cəlb etməyi bacaran bir təşkilatdır. Tələbə Gənclər Təşkilatının nəzdində 3 klub fəaliyyət göstərir:

  •      Hüquqi İntellektual Yarışlar
  •      Hüquqi Yazı və Tədqiqatlar   
  •      Təlimlər və Seminarlar 

Hüquq fakültəsi dekanlığının dəstəyi ilə Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının dərc etdirdiyi, sırf tələbələrin hüquqi mövzularda yazdığı məqalələrin toplandığı SYO Law Review-Hüquq jurnalı mövcuddur.

Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri: Əlizadə Firavan Süleyman qızı ([email protected]) - fakültənin bakalavr pilləsi üzrə IV kurs tələbəsi

 

Tələbə Elmi Cəmiyyəti tələbələrin akademik və praktiki keyfiyyətlərinin inkişaf etdirilməsini hədəfləyən tələbə təşkilatıdır. Tələbə Elmi Cəmiyyəti  eyni zamanda 4 istiqamətdə fəaliyyət göstərir:

- tələbələrin akademik hüquqi yazı bacarıqlarının inkişafı məqsədilə hər il BDU Tələbə Hüquq Jurnalının 2 sayını dərc olunmasını həyata keçirir;

- hüquqi araşdırma və elmi rəhbərlə işləmə bacarıqlarının inkişafı üçün Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsini (GHAAYL) həyata keçirir və bu çərçivədə yerli və xarici professorları layihəyə cəlb edir;

- hüquqi nitq bacarıqlarının formalaşdırılması üçün hər həftənin şənbə günü Hüquq Müzakirə Forumları təşkil edir;

- tələbələrin məhkəmə qarşısında çıxış etmək, hüquqi arqumentasiya və müdafiə bacarıqlarının inkişafı üçün müxtəlif xarakterli məhkəmə müsabiqələrinin təşkili və təbliği ilə məşğul olan Məhkəmə Müsabiqə Cəmiyyətinin fəaliyyətinin həyata keçirilməsini təmin edir və bu Cəmiyyətin koordinasiyası ilə Topçubaşov Məhkəmə və Topçubaşov Arbitraj Müsabiqələrini həyata keçirir.

Topçubaşov Məhkəmə Müsabiqəsi  (Topchubashov Moot Court Competition) Əlimərdan bəy Topçubaşovun (1862 – 1934) xatirəsinə həsr olunmuş, Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil edilən 3 raunddan ibarət müsabiqədir. Təşkilatçılar Azərbaycanda milli hüquqa və sırf hüquqi arqumentə əsaslanan ilk və tək belə bir müsabiqəni keçirməkdən qürur duyur. Müsabiqə vebsaytı: https://moot.bsulawss.org/

 

Topçubaşov Arbitraj Müsabiqəsi  (Topchubashov Arbitration Moot) Əlimərdan bəy Topçubaşovun (1862 – 1934) xatirəsinə həsr olunmuş, BDU Hüquq fakültəsinin Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən 3 raunddan ibarət müsabiqədir. Müsabiqə ölkəmizdə beynəlxalq təcrübəyə uyğun ilk arbitraj müsabiqəsi olmaqla azərbaycanlı hüquq tələbələrinin mübahisələrin alternativ həll üsullarından biri olan arbitrajla işləmək və onların digər hüquqi bacarıqlarının inkişafına şərait yaratmaq məqsədi daşıyır. Müsabiqə vebsaytı: moot.bsulawss.org/arbitration

 

BDU Tələbə Hüquq Jurnalı Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olmaqla tələbələr tərəfindən təşkil olunan və müvafiq akademik yoxlama qaydası  ilə redaktə edilən ilk və tək jurnal olub milli və müqayisəli hüquqda mövcud olan müasir hüquq  problemlərinə akademik səviyyədə peşəkar yanaşmanı təbliğ edir. Jurnalın əsası 2014-cü ilin noyabr ayında qoyulub. Jurnalın vebsaytı: https://lr.bsulawss.org

 

Hüquq Müzakirə Forumu Tələbə Elmi Cəmiyyətinin nəzdində artıq 2013-cü il dekabr ayından fəaliyyət göstərir. Forumlarda əvvəlcədən müəyyən olunmuş mövzu ətrafında müzakirə aparılır. Forumun vebsaytı: https://ldf.bsulawss.org

Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri: İsayev Elvin Manaf oğlu ([email protected]) - fakültənin Əqli mülkiyyət hüququ ixtisaslaşması (İngilis bölməsi) üzrə I kurs magistrantı.

 

 

 

 

 

TƏLƏBƏ HƏYATI

TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI

MÜBADİLƏ PROQRAMLARI

FAKÜLTƏ ÜZRƏ İXTİSASLAŞMALAR

TƏLƏBƏ ŞƏHƏRCİYİ

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət