Kriminalistika laboratoriyası 1948-ci ildə Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının nəzdində yaradılmışdır. Kriminalistika laboratoriyası 1968-ci ildə Cinayət prosesi və kriminalistika kafedrasının, 1979-cu ildən isə bu günədək Kriminalistika və məhkəmə ekspertizası kafedrasının nəzdində fəaliyyət göstərir. Tələbələrlə təcrübi məşğələlərin keçirilməsi, onlara kriminalistik vasitələrin, üsul və metodlarının tədrisi üçün laboratoriya maddi-texniki vasitələr və materiallarla təchiz edilmişdir.
Kriminalistika laboratoriyası “Kriminalistika” fənninin tədrisi prosesində istintaq hərəkətlərinin aparılması zamanı kriminalistik fotoqrafiyanın tətbiqi; trasoloji izlərin (əl, ayaq, nəqliyyat vasitələri, sındırma alət və vasitələri) aşkar edilməsi, qeyd edilməsi və götürülməsi; daktiloskopik qeydiyyatın aparılması; istintaq baxışı və şəxsi müayinə; axtarış və götürmə; istintaq eksperimenti; ifadələrin yerində yoxlanılması; tanınma üçün təqdim etmə; məhkəmə ekspertizasının təyin edilməsi və aparılması, eləcə də digər istintaq hərəkətlərin praktiki tərəflərinin öyrənilməsində tələbələrə yardımçı olub, onlara təcrübi bilik, bacarıq və vərdişləri aşılayır. Tələbələr laboratoriyada sübutların yaranma qanunauyğunluqları, onların aşkar edilməsi, qeyd olunması, götürülməsi, qablaşdırılması, saxlanılması, tədqiqi, qiymətləndirilməsi və əldə edilən nəticələrdən istintaqın bu və ya digər hallarının araşdırılmasında istifadə edilməsi problemləri üzrə təcrübə mübadiləsi aparır, onların sınaqdan keçirilməsi məsələlərini öyrənirlər. Laboratoriyada aparılan təcrübi işlərin əsas məqsədi tələbələrin tədrisdə aldıqları nəzəri biliklərinin möhkəmləndirilməsi, yoxlanılması, təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsindən ibarətdir.
Hüquq fakültəsinin tələbələri Kriminalistika laboratoriyasında dərs zamanı (2017-ci il) |
Kriminalistika laboratoriyasında dosent İpək Abbasovanın mühazirəsi zamanı (2018-ci il) |
|||
Hüquq fakültəsinin tələbələri Kriminalistika laboratoriyasında dərs zamanı (2018-ci il) |
Hüquq fakültəsinin tələbələri Kriminalistika laboratoriyasında əl izlərinin çıxarılmasında iştirak edərkən (2018-c il) |