Tələbə Elmi Cəmiyyəti

BDU-da tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtlarının səmərəli keçməsini təşkil etmək üçün bir sıra tələbə təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlardan biri də Tələbə Elmi Cəmiyyətidir. Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.

BDU Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti təşkil etdiyi layihələrlə hüquq tələbələri arasında akademik səviyyənin artırılmasına, həmçinin hüquqşünas üçün gərəkli olan praktiki biliklərin tələbələrə aşılanmasına yardımçı olur. Tələbə Elmi Cəmiyyətinin İdarə Heyəti tamamilə tələbələr arasından seçilir və layihələrin təşkilində fakültənin professor-müəllim heyəti və tanınmış praktiki hüquqşünaslarla sıx əməkdaşlıq edilir. Həyata keçirilən layihələrin hər biri hüquq tələbələrinə gələcək karyeralarında gərəkli olacaq konkret bacarıqların inkişafına yönəlmişdir. BDU Hüquq TEC eyni zamanda 4 istiqamətdə fəaliyyət göstərir:

1) Tələbə Hüquq Jurnalı – Tələbə Hüquq Jurnalı redaksiya heyəti tamamilə tələbələrdən ibarət olan akademik hüquq jurnalıdır. Jurnalın əsası 2014-cü ilin noyabrında qoyulmuşdur. Jurnal hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyevin elmi məsləhətçiliyi ilə çap edilməkdədir. Jurnalda həm xarici, həm də yerli müəlliflərin hüququn müxtəlif sahələrinə aid olan məqalələr çap edilməkdədir. Artıq 7 ildir ki, fasiləsiz çapı həyata keçirilən jurnalın fəaliyyəti xarici universitetlərin analoji təcrübələrinə uyğun həyata keçirilir. Keçən dövr ərzində Tələbə Hüquq Jurnalı bir çox uğurlar əldə etmişdir. Jurnalın müvafiq nəşrlərinin dünyanın ən böyük hüquq databazası olan HeinOnline-da yerləşdirilməsi, qabaqcıl xarici universitetlərin professorları tərəfindən təqdirlərin alınması bu uğurlar arasındadır. Hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirməklə onları akademik araşdırmaya həvəsləndirmək və bunu sağlam elmi rəqabət ənənəsinə çevirmək Jurnalın daimi məqsədini təşkil edir.Jurnalın vebsaytı: https://lr.bsulawss.org

2) Topçubaşov Məhkəmə Müsabiqəsi  Məhkəmə Müsabiqə Cəmiyyəti həm BDU, həm də ölkənin digər hüquq tələbələrinin iştirakına imkan yaradan Məhkəmə Müsabiqələri təşkil edir. Bu müsabiqələrin əsas məqsədi hüquq tələbələrinin praktiki hüquqi yazı və arqumentasiya bacarıqlarını inkişaf etdirməkdir. Bundan başqa tələbələr müsabiqənin hakimləri qarşısında çıxış etməklə real məhkəmə baxışı təcrübəsi əldə etmiş olurlar. Qeyd etmək lazımdır ki, keçən il təşkil edilən Topçubaşov Məhkəmə Müsabiqəsinin final mərhələsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin inzibati binasında keçirilmişdir. Bundan başqa Topçubaşov Arbitraj Müsabiqəsi ölkədə arbitraj sahəsində hüquq tələbələri arasında məlumatın artırılması və onlarda arbitraj təcrübəsinin yaradılmasını hədəfləyir. https://moot.bsulawss.org/

3) Topçubaşov Arbitraj Müsabiqəsi. Əlimərdan bəy Topçubaşovun (1862 – 1934) xatirəsinə həsr olunmuş, BDU Hüquq fakültəsinin Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən 3 (üç) Raunddan ibarət müsabiqədir. Təşkilatçı Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan ilk və tək belə bir müsabiqəni keçirməkdən qürur duyur. Müsabiqə ölkəmizdə beynəlxalq təcrübəyə uyğun ilk arbitraj müsabiqəsi olmaqla azərbaycanlı hüquq tələbələrinin mübahisələrin alternativ həll üsullarından biri olan arbitrajla işləmək və onların digər hüquqi bacarıqlarının inkişafına şərait yaratmaq məqsədi daşıyır. Müsabiqə vebsaytı: moot.bsulawss.org/arbitration

4) Xoyski Mediasiya Müsabiqəsi Fətəli xan Xoyskinin (1875-1920) xatirəsinə həsr olunmuş, Beynəlxalq Ticarət Palatasının dəstəyi ilə BDU Hüquq fakültəsinin Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil edilən 3 (üç) Raunddan ibarət müsabiqədir. Müsabiqənin əsas məqsədi ölkəmizdə mediasiya ənənələrinin formalaşmasına və tələbələrin bu sahədə bacarıqlarının inkişafına təkan verməkdir. Müsabiqə vebsaytı: https://moot.bsulawss.org/mediation/

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət