BDU Hüquq fakültəsində bir sıra beynəlxalq ikili diplom proqramları qurulmuşdur.
- "Avropa hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı. Magistraturanın “Avropa hüququ” ixtisaslaşması BDU və Almaniyanın Vürzburq Universiteti arasında imzalanmış 2011 və 2014-cü il tarixli Memorandumlara əsasən qurulmuşdur. Tədrisin ingilis və alman dilində aparıldığı bu istiqamətdə artıq 2013-ci ildən ikili diplomların verilməsi həyata keçirilir. Bu vaxta qədər 65-dən çox BDU məzununa BDU diplomu ilə yanaşı, “Avropa hüququ” ixtisası üzrə Almaniyanın Vürzburq Universitetinin diplomları da verilmişdir.
- Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üzrə ikili diplom proqramı. 2018-ci ildə BDU və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış ikili diplom proqramı üzrə Müqaviləyə əsasən 5608.01 - "Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq" sahəsində birgə doktorant hazırlığı həyata keçirilmişdir. Belə ki, Sazişlə hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə 2 nəfər doktorantın qəbulu həyata keçirilmiş və müvafiq ixtisaslaşma üzrə uğurla müdafiə etmişdirlər.
- "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı. “Dəniz və enerji hüququ” sahəsində BDU Hüquq fakültəsində ABŞ-ın Tüleyn Universiteti Hüquq fakültəsinin dəstəyi ilə qurulmuş elmi məktəb bazasında 2020-ci ildə BDU və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti ilə ikili diplom proqramı haqqında Müqavilə imzalanmışdır. Hazırda tədrisin ingilis dilində aparıldığı bu ikili diplom proqramı üzrə təhsil uğurla davam etdirilir.
- "Əqli mülkiyyət hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı. 2021-ci ilin aprel ayında BDU və Fransanın Lyon - 2 Universiteti arasında “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması sahəsində ikili diplom proqramı üzrə Müqavilə imzalanmışdır. Artıq bu ildən fransız və ingilis dilində tədris aparılmaqla birgə kadr hazırlığı 2021-2024-cü illərdə aparılmışdır.