İNSAN HÜQUQLARI 75 - BAKI KONFRANSI
2023-cü il 30 noyabr tarixində BMT-nin Azərbaycandakı nümayəndəliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Ombudsman Aparatı və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi münasibətilə “İnsan Hüquqları 75 - Bakı Konfransı” keçirilmişdir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsi konfransın tərəfdaşlarından biri kimi çıxış etmiş və fakültənin dekanı Zaur Əliyev moderatorlardan biri kimi konfransda iştirak etmişdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqaz üzrə nümayəndəsi Vladimir Şkolnikov açılış nitqlərində hüquq tədrisi sahəsində, həmçinin Bəyannamənin təbliği və tədrisi ilə bağlı BMT və onun ixtisaslaşmış orqanlarının Hüquq fakültəsi ilə əmakdaşlığından məmnunluqlarını ifadə etmiş və bu əməkdaşlığın vacibliyini vurğulamışlar.
Ombudsman Səbinə Əliyeva və Vəkillər Kollegiyasının sədri Anar Bağırov Hüquq fakültəsi tələbələrinin rəhbərlik etdikləri qurumlarda təcrübə keçməsinin əhəmiyyətini vurğulayaraq fakültə ilə əməkdaşlıqdan razılıqlarını ifadə etmişlər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev “İnsan hüquqları, vətəndaş cəmiyyəti institutlarının rolunun təşviqində alətlərin və metodologiyaların genişləndirilməsi” mövzusunda panel sessiyada moderatorluq etmiş, bununla yanaşı Hüquq fakültəsinin insan hüquqlarının tədrisi sahəsində gördüyü işlərdən danışmış, istər BMT, istər dövlət orqanları, istərsə də qeyri-hökumət təşkilatları ilə qurulan əməkdaşlıq əlaqələrinin bu prosesdəki əhəmiyyətini vurğulamışdır. Dekan, Ulu Öndər Heydər Əliyevin insan hüquqları sahəsində islahatların əsasını qoyduğunu vurğulayaraq bu islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısı tərəfindən insan hüquqlarının səmərəli müdafiəsi məqsədilə milli fəaliyyət planının və proqramının təsdiq edildiyini qeyd etmişdir. Dekan həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sosial layihələri haqqında, eləcə də Heydər Əliyev İli çərçivəsində fakültə tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Beynəlxalq konfrans öz işini uğurla başa vurmuşdur.