1927-ci ildə ADU-da Cinayət hüququ kafedrasının təsis edilməsində Moskva Dövlət Universitetinin və Saratov Dövlət Universitetinin alimləri yaxından iştirak etmişlər. Kafedranın ilk müdiri məşhur kriminalist alim professor N.N.Polyanski olmuşdur. Kafedrada o dövrdə professor M.D.Durmanov, professor A.R.Günter kimi tanınmış alimlər çalışmışdır. Kafedrada tədris planı tərtib edilmiş, Moskva və Saratov Universitetlərindən kafedranın xətti ilə tədris olunan fənlər üzrə zəruri ədəbiyyatlar gətirilmişdir. XX əsrin 40-cı illərin əvvəllərindən 70-ci illərin sonuna kimi Cinayət hüququ kafedrasına professor Vahid Qəhrəmanov rəhbərlik etmişdir. Cinayət hüququ üzrə elmi-pedaqoji kadrların hazırlanmasında, tədris-metodiki işin təkmilləşdirilməsində, elmi-tədqiqat işlərinin təşkilində, respublikada yeni cinayət qanunvericiliyinin hazırlanmasında professor Vahid Qəhrəmanovun xüsusi xidmətləri olmuşdur. Əsası professor Vahid Qəhrəmanov tərəfindən qoyulan cinayət hüququ üzrə elmi məktəbin görkəmli nümayəndələrindən İsa Məmmədov, Tofiq Qafarov və Firudin Səməndərovun adlarını xüsusilə vurğulamaq lazımdır. 2001-ci ildən kafedra “Cinayət hüququ və kriminologiya” kimi adlandırılmağa başlanılmışdır. Hazırda kafedrada hüquq təhsili və elmində öz sözünü deyən tanınmış alimlərlə yanaşı gənc nəslin nümayəndələri də çalışırlar. Cinayət hüququ və kriminologiya kafedrası üzrə bakalavr təhsil pilləsində – Cinayət hüququ-1, Cinayət hüququ-2, Cəza-icra hüququ, Kriminologiya, Transmilli cinayət hüququ. Magistratura pilləsi üzrə:Cinayət hüququnda cəzanın nəzəri problemləri, Cinayətin tövsifinin nəzəri əsasları, Cəza-icra hüququnun nəzəri əsasları, Şəxsiyyət əleyhinə olan cinayətlər (hüquqi klinika), Mülkiyyət əleyhinə olan cinayətlər, Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri, Transmilli cinayət hüququnda cəzanın nəzəri və praktiki problemləri, Korrupsiya əleyhinə mübarizə və s. kimi fənlər tədris olunur.