Cinayət prosesi kafedrası

 

1927-ci ildə Bakı Dövlət Universitetində “Cinayət hüququ” kafedrası təsis edilmiş və 1968-ci ildə isə həmin kafedranın bazasında iki müstəqil kafedra – “Cinayət hüququ” və “Cinayət prosesi və kriminalistika” kafedraları yaradılmışdır. 1980-ci ildə “Cinayət prosesi və kriminalistika” kafedrası əsasında yenidən iki müstəqil kafedra – “Cinayət prosesi” və “Kriminalistika” kafedraları təşkil edilmişdir.

Cinayət prosesi kafedrasının elmi məktəbinin yaradılması və inkişafı 1968-ci ildən müstəqil “Cinayət prosesi və kriminalistika” kafedrası təşkil ediləndən 2005-ci ilədək kafedraya rəhbərlik etmiş hüquq elmləri doktoru, professor Cəfər Hacıhəsənoğlu Mövsümovun (1927-2005) adı ilə bağlıdır. 2008-ci ildən kafedraya h.ü.e.d., professor Abbasova Firuzə Məmməd qızı başçılıq edir.

Hazırda kafedrada 1 nəfər əvəzçi olmaqla, ştatda 11 nəfər müəllim və 2 baş laborant çalışır. Kafedra əməkdaşları bakalavr təhsil pilləsində - Cinayət prosessual hüquq-1; Cinayət prosessual hüquq-2; Hüquq mühafizə orqanları; Məhkəmə nitq və mübahisələr mədəniyyəti; Azərbaycan Respublikasının məhkəmə sistemi; Vəkillik hüququ, Məhkəmə nəzarəti, Karyera planlaşdırılması, maqistratura təhsil pilləsində isə İbtidai araşdırma; Cinayət prosesində məhkəmə sübutları; Birinci instansiya məhkəməsində icraat; Apellyasiya və kassasiya instansiyaları məhkəməsində icraat; Cinayət prosesində ittiham funksiyasının problemləri; Cinayət prosesində müdafiə funksiyasının problemləri; Beynəlxalq cinayət tribunalı və Beynəlxalq cinayət prosesi fənlərini tədris edirlər. Kafedra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ekspert qismində iştirak etməklə, Dövlət Gömrük Akademiyası, Dövlət Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Ali Məhkəməsi, Vergilər Nazirliyi, Azərbaycan Respublikası Prokurorluğu, Polis Akademiyası və s. ilə beynəlxalq və yerli əhəmiyyətli konfranslarda, dəyirmi masa və simfoziumlarda və seminarlarda iştirak etmək, mühazirələr oxumaqla, birgə elmi işlər aparmaqla əməkdaşlıq edirlər.

Yarandığı vaxtdan müasir dövrə qədər kafedranın əməkdaşlarının apardığı elmi tədqiqat işləri kafedranın elmi irsini təşkil edir və onun elmi məktəbinin əsas istiqamətlərini müəyyən etmişdir. Kafedranın elmi məktəbinin əsas istiqamətləri gənc tədqiqatçıların hazırlanmasında, yeni elmi-tədqiqat işləri üçün mövzuların seçilməsində rəhbər tutulur. Cinayət prosesi kafedrasının elmi məktəbinin əsas istiqamətlərinə cinayət-prosessual hüquq institutlarının yaranma və genezisinin tədqiq edilməsi; bir sıra xarici dövlətlərin cinayət mühakimə icraatının öyrənilməsi və rasional cəhətlərinin üzə çıxarılması; qüvvədə olan milli cinayət-prosessual qanunvericiliyin təhlili, şərh edilməsi və təkmilləşdirilməsi istiqamətində tədqiqatların aparılması; Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və ümumiləşdirilməsi; milli məhkəmələrin və hüquq mühafizə orqanlarının təcrübi fəaliyyətinin öyrənilməsi, ümumiləşdirilməsi və təkmilləşdirilməsinə yönəlmiş tövsiyələrin hazırlanması istiqamətində, məhkəmə-hüquq islahatlarının müasirləşdirilməsi və dərinləşdirilməsi, rəqəmsal texnologiyaların cinayət prosesində tətbiqi üçün tövsiyələrin hazırlaması və tətbiqi istiqamətlərində tədqiqatların aparılması; ayrı-ayrı prosessual hüquq institutlarının müasir və aktual problemlərinin həllinə yönəlmiş monoqrafik xarakterli əsərlərin hazırlanması; cinayət-mühakimə icraatının problemlərinə dair konfransların və seminarların keçirilməsi və təşkilində iştirak; cinayət prosesi elmini kompleks şəkildə əhatə edən fundamental elmi əsərlərin – dərsliklərin və dərs vəsaitlərinin hazırlanması; tələbələrə təcrübi vərdişləri, cinayət-mühakimə icraatında sənəd layihələrinin hazırlanması və digital texnologiyalardan istifadə vərdişlərinin öyrədiməsi, onlara elmi-tədqiqat işlərinin aparılması vərdişlərinin aşılanması, cinayət mühakimə icraatına dair tələbə elmi dərnəyinin işinə rəhbərlik etmək, müxtəlif işguzar oyunların və məhkəmə proseslərinin təşkili, keçirilməsi və s. aiddir.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət