ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI 2021-Cİ İL

İstiqamət: Dövlət və hüquq nəzəriyyəsi və tarixi

  1. Hüquqi proqnoz­laşdırma sosial proq­noz­laş­dır­manın növü kimi.

Mövzunun rəhbəri: prof. M.F.Məlikova

İcraçılar: prof. M.F.Məlikova

Məqsəd:  Azərbaycanda dövlət-hüquq quruculuğunun müasir dövrü çoxsaylı hüquqi kate­qoriyaların yenidən dərkini, hüququn inkişaf tendensiyalarının müəyyənləşdirilməsini, hüquq­yaradıcılığının və hüquqi realizənin effektiv üsullarının və istiqamətlərinin müəyyən­ləşdirilməsini tələb edir ki, bu da ölkənin hüquq sisteminin, ictimai münasibətlərin mühüm tənzimləyicisi kimi hüququn özünün təkmilləşdirilməsi ilə bağlıdır. Bu baxımdan qanunvericiliyin inkişafının proqnoz­laşdırılması institutu mühüm əhəmiyyət kəsb edir.

Alınmış nəticələr: Tədqiqat işində proqnozlaşdırmanın anlayışı sosial proqnozlaşdır­manın bir növü kimi açılıb göstərilir. Proqnozlaşdırma xüsusi metodların və üsulların tətbiqi yolu ilə qanunvericiliyin inkişaf perspektivlərinin elmi əsaslarla işlənib hazırlanmasından ibarətdir. Onun məqsədyönlülüyü qanunvericiliyin və onun sahələrinin sabitliyinin, effektililiyinin təminatını xarakterizə edir. Proqnozlaşdırmanın anlayışından çıxış edilərək (yunanca prognosis – müəyyən məlumatlara əsaslanan qabaqcadan deyilmə, irəlicədən görmə mənasını verir), elmi işdə hüququn inkişaf perspektivlərinin, onun keyfiyyət dəyişikliklərinin, qanunun modelləşdirməsinin elmi əsaslarla irəlicədən xəbər verilməsindən ibarət olan bu institutun, yəni proqnozlaşdırmanın sosial məqsədi açılıb göstərilir.


  1. XIX əsrdə Azər­baycanda həyata keçirilən aqrar və kəndli islahatlarının so­sial-hüquqi mahiyyəti.

Mövzunun rəhbəri: prof. M.F.Məlikova

İcraçılar: prof. X.C.İsmayılov

Məqsədi: Şimali Azərbaycan Rusiya tərəfindəm işğalından sonra burada sosial- iqtisadi həyatda baş verən islahat xarakterli dəyişikliklərin öyrənilməsi və araşdırılması günümüzdə bu sahədə baş verən proseslərin mahiyyətinə dərindən nəzər salmaq baxımından olduqca aktualdır. Problemin araşdılırmasında əsas məqsəd mövcud mənbələrlə yanaşı bir sıra arxiv materiallarına da diqqət yetirilməsi, əvvəllər də bu problemlə əlaqədar ortaya qoyulmuş tarixi hüquqi yanaşmada ümumiləşdirilmələr və yeni dəyərləndirmələr aparmaqdır.

Alınmış nəticələr: 1846, 1847, 1861, 1870- ci illərdə, eləcə də əsrin sonlarında kəndlilərin statusu və torpaq quruluşu ilə bağlı qəbul edilən silsilə qanunların mahiyyətinə nüfüz etdikdə aşağıdakı nəticələrə gəlmək olar: 1) İmperiyanın hakim dairələri torpaq islahatını həyata keçirmək, ilk növbədə hakimiyyətin maraqlarından çıxış etməklə, yerli feodallara arxalamağa zəruri hesab etmiş və əvvəllər sənədləşdirilməyən torpaq sahələrini onların mülkiyyəti kimi tanımaq qərarına gəlmişdi; 2) Rusiyada təhkimçilik hüququn ləğv edilməsi Azərbaycan quberniyelarında da kəndlilərin feodallardan şəxsi asılılığının ləğvinə yönəlik tədbirlərin həyata keçirilməsinə rəvac vermiş oldu; 3) Mərkəzi quberniyalardan fərqli olaraq Azərbaycan quberniyalarındakı kəndlilərə münasibətdə ayrı seçkiliyin yol verilməsi bu ərazilərdə məskunlaşan çoxsaylı müsəlman əhalini hüquqi vəziyyətindəki fərqlərə gətirib çıxarmışdır; 4) Hakimiyyət dairələrinin sosial-iqtisadi sferasındakı nöqtəsi torpaq münasibətlərində mərkəzləşdirilmə proseslərinin təmin edilməsi, formalaşmaqda olan burjua münasibətlərinin kənd təsərrüfatına nüfuzunun artırılması idi.


  1. XIX əsrdə Azər­baycanda cinayətkarlığın vəziy­yəti və təhdidlərlə müba­rizədə əməliy­yat-axtarış fəali­yyəti.

Mövzunun rəhbəri: prof. M.F.Məlikova

İcraçılar: dos. E.Q.Nəbiyev

Məqsədi: Elmi-tədqiqat işinin məqsədi  XIX əsrdə  Rusiya imperiyasinda və Azərbaycanda cinayətkarlıqla mübarizədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanlarının yaradılması fəaliyyəti, xüsusiyyətlərini bu fəaliyyət növünə və ayrı-ayrı istiqamətlərinə aid qanunvericilik aktlarını tədqiq etmək, onların müsbət və mənfi cəhətlərini üzə çıxarmaq bu yönümdə tarixi faktlar əsasında real mənzərini göstərməkdir.    

Alınmış nəticələr: Aparılmış tədqiqat əsasında belə qənaətə gəlmək olar ki, XIX əsrdə həm bütövlükdə imperiya, həm o zamanki Azərbaycan üçün mürəkkəb bir dövr olmuşdur. Bu mürəkkəbliyin əsasında Rusiyanın feodal dövləti olması meydana gəlməkdə və inkişaf etməkdə olan kapitalist xarakterli münasibətlərin imperiyada yayılması olmuşdur. Çar höküməti öz hakimiyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün mümkün tədbirlərdən, o cümlədən əməliyyat-axtarış fəaliyyətindən və onun ayrı-ayrı növlərindən – cinayət – axtarışından, kəşfiyyat və əks-kəşfiyyatdan istifadə etmişdir. Ancaq görülən tədbirlərə rəğmən imperiyada gərginlik artmaqda davam etdi. Çar höküməti reallıqları görmək və öz siyasətində dəyişikliklərə getmək, dövrün, zamanın tələblərə uyğunlaşmaq əvəzinə etirazları yatırmaq və hakimiyyəni qoruyub saxlamaq siyasətinə üstünlük verdi. Bu məsələlər elmi-tədqiqat işində konkret faktlarda öz ifadəsini tapmışdır.


  1. Hüquqi kolliziyaların hüquqyaratma və hüquq­tət­biq­etmədə həlli məsələləri.

Mövzunun rəhbəri: prof. M.F.Məlikova

İcraçılar: dos. Z.N.Əzimov

Məqsədi:Tədqiqatın məqsədi normativ-hüquqi aktların təhlili əsasında hüquqyaratma mərhələsində yaranan hüquqi kolliziyaların müəyyənləşdirilməsi və hüquqtətbiqetmə zamanı onların aradan qaldırılması üçün nəzəri ümumiləşdirilmələr və tövsiyyələr hazırlamaqla onların həllinə dair konkret təkliflər irəli sürməkdən ibarətdir.    

Alınmış nəticələr: Tədqiqatda belə nəticəyə gəlinir ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyində hüquqi kolliziyaların həlli mexanizminin elementləri dəqiqləşdirilməsi və bu elementlərə uyğun olaraq hüquqyaratma mərhələsində onların yaranmasının qarşısının alınması üçün tədbirlər görülməsi zəruridir. Qanunvericilik sistemində üquq kolliziyaların effektiv surətdə həlli üçün onların aradan qaldırılması vasitələrinə nəzəri baxımdan kompleks yanaşma tələb olunur. Belə yanaşma tətbiq olunduğu halda hüquqi kolliziyanın həllinin konkret üsulunun hüquqi kolliziyanın aradan qaldırılmasında rolu və yeri, onun digər üsullarla qarşılıqlı əlaqəsini ortaya çıxarmaq mümkün olur. Hüquqi kolliziyaların həlli mexanizminin zəruri elementləri kimi hüquqyaratma prosesində kolliziyaları aradan qaldıran hüquqi vasitələri və hüquqtətbiqetmədə hüquqi kolliziyaların həllinin hüquqi vasitələrini, o cümlədən zəruri olmayan element kimi fikir ayrılıqlarının aradan qaldırılması üçün hüquqi vasitələri aid etmək olar. Hüquqi kolliziyaların hüquqtətbiqetmədə həllinin əsas vasitələrindən təfsirdir. Hüquqi kollizyaların hüquqyaratma zamanı həlli üçün  bu fəaliyyət müvafiq normaların tətbiqi təcrübəsində çıxarılan nəticələri nəzərə almalıdır. Hüquqi kolliziyaların aradan qaldırılması vasitəsi kimi təfsir nəzərdən keçirilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının məhkəmə təcrübəsinin vahidlədirilməsi haqqında qərarının özünəməxsus rolu araşdırılaraq bu növ qərarlardan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət edilməsi məsələsində o nəticəyə gəlinir ki, bu qərarlardan təkcə şikayət əsasında deyil, həmçinin normativ hüquqi akt kimi şikayət vermək imkanı qanunvericilikdə təsbit olunması səmərəli olardı.


  1. Azərbaycanda quldarlıq quruluşu və er­kən feo­dalizm dövründə utopik ide­yalar.

Mövzunun rəhbəri: prof. M.F.Məlikova

İcraçılar: dos. T.K.Zeynalova

Məqsədi: Tədqiqatın məqsədini Azərbaycan siyasi-hüquqi fikir tarixində ideal cə­miyyət haqqında ideyaların  təşəkkülü , inkişafı,  utopik  ideyaların əsas xüsusiyyətləri və  əhəmiy­yətinin  araşdırılması təşkil edir. Sadə həya­tın, əmlak ümumiliyinin təbliğ olunduğu  ədalətli, ideal dövlət haqqında utopik ideya­lar  nəinki Azərbaycan, həmçinin Avropa fəlsəfi və ictimai-siyasi fikrinin forma­laşmasına da böyük təsir göstərmişdir. Məsələn, manilik İtaliyada katarlar, Fransada albiqoylar bidətinin, Məzdəkin xüsusi mülkiyyətin məhv edilməsi, əmlakın ümumi­liyi ideyaları Avropada kommunizm haqqında utopik sosialistlərin ideya mənbəyi olmuşdur.

Alınmış nəticələr:Tədqiqatda belə nəticəyə gəlinir ki, Azərbaycan siyasi-hüquqi fikir tarixində ideal cəmiyyət haqqında ideyaların  təşəkkülü və inkişafı quldarlıq quruluşu və erkən feodalizm dövrünə təsadüf edir.  Belə ki, utopik  cəmiyyət haqqında ilkin ideyalara  Azərbaycan xalqı­nın ən qədim tarixi abidəsi zərdüştiliyin müqəddəs qanunlar külliyyatı olan “Avesta” nın mətnində rast gəlinir.  Məhz zərdüşti­lər hələ min illər bundan əvvəl şər qüvvələrə qarşı durmağın yollarını göstərib, insanlığı əmin-amanlığa, ədalətə, zəhmətə dəvət etmişlər. Zərdüştilik insanların azad və firavan yaşadığı, zülm və zorakılığln olmadığı, əmin-amanlığın, azad zəhmətin hökm sürdüyü ideal cəmiy­yəti təbliğ edirdi. Təbii ki, belə cəmiyyətin əsasında əxlaqi prinsiplərə söykənən əda­lətli qanunlar dururdu. Sosial bərabərlik, insanlar arasında əmlak bərabərliyinin mövcud olduğu səadət cəmiyyəti haqqında ideyalar sonralar yeni keyfiyyət xüsu­siyyətləri qazanmış erkən feodalizm dövrünün siyasi-hüquqi təlimlərində də, xüsusilə də manilik və məzdəkilik  təlimlərində inkişaf etmişdir. Sosial bərabərlik, mad­di nemətlərin insanlar arasında bərabər bölgüsü, zorakılığın və özbaşnalığın aradan qaldırılması bu təlimlərin əsas çağırışı olmuşdur.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət