Azərbaycanda hüquqi maariflənmənin həyata keçirilməsində əhəmiyyətli yer tutan və hüquq təhsili üzrə ixtisaslaşmış fakültənin fəaliyyətə başladığı andan etibarən mövcudluğunu davam etdirən hüquqi strukturlardan biri də Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasıdır. 1928-ci ildə Hüquq fakültəsi fəaliyyətə başlayarkən onun ilk dekanı olmuş prоf. L.Mişel eyni zamanda həmin kafedranın müdiri seçilmişdi. Kadrların və tədrislə bağlı ədəbiyyatın çatışmazlığı səbəbindən az sоnra Dövlət və hüquq nəzəriyyəsi kafedrası Dövlət hüququ kafedrası ilə birləşdirilmişdi.
1968-ci ildə Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası yenidən müstəqil fəaliyyətə başlamış və ötən illər ərzində böyük inkişaf yolu keçmişdir. Fəaliyyət göstərdiyi andan etibarən kafedraya AMEA-nın müxbir üzvü, hüquq elmləri dоktоru, prоfessоr, Azərbaycan Respublikasının əməkdar hüquqşünası M.F.Məlikоva rəhbərlik etmişdir. Kafedranın müstəqil оlaraq fəaliyyətə başlaması dövlət və hüquq nəzəriyyəsi və tarixi elm sahələrinin tədrisi işinin daha da təkmil vəziyyətə gətirilməsini, həmin elm sahələri üzrə elmi tədqiqatların səmərəliliyinin artırılmasını şərtləndirmişdir. Bu müddət ərzində kafedra istər tədris prosesi, istərsə də elmi fəaliyyət baxımından böyük uğurlara nail olmuşdur.
Hazırda kafedrada cəmi 13 (tam ştatda, yarım ştatda və saathesabı qaydada) müəllim çalışır. Kafedranın professor-müəllim heyətinin tərkibi: AMEA-nın müxbir üzvü, h.ü.e.d., prof. Məsumə Fazil qızı Məlikova, h.ü.e.d., prof. Xəyyam Cəbrayıl oğlu İsmayılov, h.ü.f.d., dosentlər Elbay Qara oğlu Nəbiyev, Təranə Kamil qızı Zeynalova, Zaur Nəriman oğlu Əzimov, Mehman Novruzəli oğlu Səmədov, hüquq üzrə fəlsəfə doktorları Tuqay Zakir oğlu Əliyev, Fərrux Ənvər oğlu Seyidov, İlyas Hikmət oğlu Cəfərov, Leyla Şahin qızı Əliyeva, müəllimlər Sümbül Faiq qızı Turabova, Emil Ziyəddin oğlu Əliyev, Teymur Eldar oğlu Kərimov, laborant Hülya Etibar qızı Əhmədova.
Müasir dövrdə kafedranın əməkdaşları dövlət və hüquq nəzəriyyəsi prоblemlərinin, xarici ölkələrin və Azərbaycanın dövlət və hüquq tarixinin, Azərbaycan mütəfəkkirlərinin siyasi və hüquqi təlimlərinin tədqiqinə, beynəlxalq hüquq nоrmalarının Azərbaycan qanunvericiliyində implementasiyasının nəzəri və təcrübi məsələlərinin araşdırılmasına xüsusi diqqət yetirmiş və yeni dərsliklər, dərs vəsaitləri tərtib edərək dərc etdirmişlər. Bunlara nümunə olaraq Dövlət və hüquq nəzəriyyəsi (M.F.Məlikova); Hüquq nəzəriyyəsi (M.F.Məlikova); Azərbaycanın siyasi və hüquqi təlimlər tarixi (M.F.Məlikova, E.R.Bayramov); “Kitabi-Dədə Qorqud” da ictimai-siyasi ideyalar (M.F.Məlikova), Xarici ölkələrin dövlət və hüquq tarixi (M.F.Məlikova, E.Q.Nəbiyev); Müasir dövlət və hüquq tarixi (M.F.Məlikova, E.Q.Nəbiyev); Qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüququ (M.F.Məlikova, X.C.İsmayılov); Azərbaycanın dövlət və hüquq tarixi (X.C.İsmayılov); Azərbaycanın hüquq tarixi (X.C.İsmayılov); Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hüququ (X.C.İsmayılov); Siyasi və hüquqi təlimlər tarixi (rus dilindən tərcümə edən T.K.Zeynalova); XX əsrin əvvəllərində Azərbaycanda siyasi-hüquqi təlimlər tarixi (T.K.Zeynalova) və s. kimi dərslik və dərs vəsaitlərini göstərmək olar.
Kafedra əməkdaşlarından M.F.Məlikova, X.C.İsmayılov, T.K.Zeynalova, Z.N.Əzimov tərəfindən tərtib edilmiş 3 cildlik “Aнтология пaмятников прaвa нaродов Кaвкaзa. Прaвовыe пaмятники Aзeрбaйджaнa” elmi məcmuəsi ölkəmizin hüquq abidələrinin, hüququn müxtəlif sahələrini əhatə edən tarixi-hüquqi mənbələrin məzmununun öyrənilməsi və elmi-tədqiqatlarda onlardan istifadə edilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir.
Universitetin bütün elmi-tədris strukturları kimi Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası da özünün fəaliyyətini iki istiqamətdə - elmin inkişafı və tədris prosesinin təkmilləşdirilməsi yönümündə qurmuşdur. Mövcud olduğu illər ərzində kafedranın əməkdaşları tərəfindən müvafiq sahələr üzrə çoxsaylı elmi tədqiqatların aparılması və onların nəticələrinin tədris prosesində istifadə olunması bir daha təsdiqləyir ki, kafedra qarşısına qoyduğu məqsədlərə nail olmaq istiqamətində əzmkarlırla çalışır.