Konstitusiya hüququ kafedrası 1928-ci ildə yaradılmışdır. Kafedra 1966-cı ildən 1991-ci ilədək “Dövlət hüququ” kafedrası adı altında fəaliyyət göstərmiş, 1991-ci ildən isə “Konstitusiya hüququ” kafedrası adlandırılmışdır. O zaman kafedrada dörd fənn üzrə elmi araşdırmalar həyata keçirilmişdir: Sovet dövlət hüququ, İnzibati hüquq, Sovet quruculuğu, Sovet hüququnun əsasları. İndi isə 30-a yaxın fənn tədris olunur. Onlardan: Konstitusiya hüququ, İnzibati hüquq, Parlament hüququ, İnzibati proses, Xarici ölkələrin konstitusiya hüququ, Bələdiyyə hüququ, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları fənləri bakalavr təhsil pilləsində, Müqayisəli konstitusiya hüququ, Müqayisəli inzibati hüquq, Konstitusiya nəzarəti, İnformasiya hüququ, Seçki sistemi, Parlament hüququ, İnzibati məsuliyyət, Konstitusion məsuliyyət, Bələdiyyə hüququnun müasir problemləri, Dövlət qulluğu, Konstitusiya quruluşunun əsasları fənləri və s. magistratura təhsil pilləsində tədris olunur.
Konstitusiya hüququ kafedrası Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə sıx əməkdaşlıq edir, milli qanunvericilik sisteminin formalaşdırılmasında yaxından iştirak edir. Yazılan elmi-tədqiqat işlərində verilən təkliflər bir sıra yeni qanunlarda nəzərə alınır. Kafedranın əməkdaşları beynəlxalq və respublika miqyaslı elmi tədbirlərdə, konfrans və seminarlarda müntəzəm iştirak edir, respublikamızda hüquq islahatının həyata keçirilməsi ilə bağlı tədbirlərdə yaxından fəallıq göstərirlər.
Kafedra M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Federasiyasının Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu, O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyası, Almaniyanın Vürzburq Universiteti, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Belarusiya Dövlət Universiteti və eləcə də Türkiyə Respublikasının bir sıra universitetləri ilə əməkdaşlıq edir.
Kafedranın yaranmasında və inkişafında əməkdar hüquqşünas, hüquq üzrə elmlər doktoru, mərhum professor, Murtuz Nəcəf oğlu Ələsgərovun əvəzsiz rolu olmuşdur. O, 1965-ci ildən 2012-ci ilədək kafedraya rəhbərlik etmişdir. M.N.Ələsgərov respublikamızda Konstitusiya hüququ və Beynəlxalq hüquq elmi məktəblərinin yaradıcısıdır. M.N.Ələsgərov 200-dən artıq elmi əsərin, onlarla monoqrafiyanın və dərs vəsaitinin müəllifi olmuşdur. O, Beynəlxalq Hüquq Assosiasiyasının, Respublika Hüquqşünaslar İttifaqı İdarə Heyətinin, Respublika Prokurorluğu və Ali Məhkəməsinin Elmi Məsləhət şuralarının üzvü olmuşdur. Azərbaycanda hüquq elminin və təhsilin inkişafındakı böyük xidmətlərinə görə Y.Məmmədəliyev adına mükafata layiq görülmüşdür. Professor M.N.Ələsgərovun elmi rəhbərliyi ilə 50-dən çox hüquq üzrə fəlsəfə doktoru və 3 elmlər doktoru hazırlanmışdır.
Tanınmış alim Murtuz Ələsgərov həm də görkəmli ictimai-siyasi və dövlət xadimi idi. O, Yeni Azərbaycan Partiyasının sədr müavini, Partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvü olmuş, 4 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, II və III beşillik ardıcıl olaraq Azərbaycan Respublikası Milli Məclisin sədri seçilmişdir. Professor M.N.Ələsgərov səmərəli ictimai-siyası fəaliyyətinə görə “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin “Sodrujestvo” ordeni, Rusiya Federasiyasının “Dostluq” ordeni və digər ali dövlət mükafatları ilə təltif edilmişdir.
2013-cü ildən kafedraya professor Ziyafət Abbas oğlu Əsgərov rəhbərlik edir. Z.A.Əsgərov 100-ə yaxın elmi əsərin, o cümlədən “Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusu” adlı monoqrafiyanın, “Konstitusiya hüququ”, “Azərbaycanın dövlət və hüququnun əsasları”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” və s. dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. Tanınmış hüquqşünas-alim Z.A.Əsgərov həm də görkəmli dövlət xadimidir. Z.A.Əsgərov altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nin sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Z.A.Əsgərov Azərbaycan Respublikası Milli Məclisinin NATO Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri, Məhkəmə-Hüquq Şurasının və Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzvü kimi də geniş ictimai fəaliyyət göstərir. Z.A.Əsgərov Dövlət qarşısındakı xidmətlərinə və geniş ictimai-siyası fəaliyyətinə görə 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə, 2023-cü ildə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Konstitusiya hüququ kafedrasında 5 nəfər tam ştatda, 4 nəfər yarım ştatda, 2 nəfər daxili əvəzçiliklə,12 nəfər saathesabı qaydada kənardan dəvət olunan professor-müəllim heyəti, bir böyük laborant, bir laborant çalışır. Kafedranın 2023/2024-cü tədris ili üçün dərs yükü 7787 saatdır.