28 MAY-MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Hüquq fakültəsində 28 May-Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmış, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ümummilli lider Heydər Əliyevin həyatına həsr edilmiş videoçarx nümayiş etdirilmişdir Tədbiri giriş nitqi ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirmişdir ki, 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
Ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası haqqında danışan Zaur Əliyev dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizi məhv olmaqdan, parçalanmaqdan və süquta uğramaqdan xilas edərək yeni, müasir hüquqi-demokratik Azərbaycan dövləti qurduğunu, bugünkü uğurların və qələbələrin möhkəm təməlini qoyduğunu diqqətə çatdırmışdır. O, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini vurğulamışdır. O, həmçinin, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə düşmən tərəfindən dağıdılmış tarixi, mədəni və dini abidələrin bərpası üzrə genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən daim Azərbaycan Xalq Cümhuriyyəti qurucularına böyük hörmətlə yanaşıldığını qeyd etmişdir. Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu diqqətə çatdıran Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin ulu öndərin layiqli davamçısı kimi Azərbaycanın inkişafı naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyətdən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə uzun illər düşmən tapdağı altında olan torpaqların azad edilməsindən və bu gün görülən irimiqyaslı layihələrdən bəhs etmişdir. BDU-nun Tarix fakültəsinin professoru Qabil Əliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, Ulu öndər Heydər Əliyevin Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi və tanıdılması sahəsində həyata keçirdiyi fəaliyyət haqqında ətraflı və müfəssəl məlumat vermişdir.