31 MART SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR BAŞ TUTUB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri fakültənin dekan vəzifələrini icra edən Rahim Məmmədov açaraq 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən birinin də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınları olduğunu qeyd etmişdir. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edildiyini vurğulamışdır.
Tarix fakültəsinin dosenti Ələmdar Şahverdiyev soyqırımı haqqında qısa giriş verərək 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğınlar törətdiyi barədə tarixi faktları auditoriyaya çatdırmışdır. Ə.Şahverdiyev erməni bolşeviklərinin soyqırımı siyasəti nəticəsində erməni silahlı dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda, digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirildiyini xüsusilə qeyd etmişdir.
Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov çıxışında soyqırımı ilə bağlı ötən illərdə çoxlu sayda yeni faktlar və sənədlərin toplandığını, Quba şəhərində kütləvi məzarlığın aşkar olunduğunu tələbələrin diqqətinə çatdırmışdır.
Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Orxan Aslanov mart soyqırımı, həmin dövrün ziddiyyətli ictimai-siyasi vəziyyəti, geniş vüsət almış erməni qəsbkarlığı haqqında ətraflı məlumat vermişdir.
Sonda fakültənin ikinci kurs tələbəsi Cavid Mirzəzadə çıxış edərək gəncləri erməni millətçilərinin ötən əsrin əvvəllərində, eləcə də ondan sonrakı dönəmlərdə xalqımıza qarşı həyata keçirdiyi siyasəti, Azərbaycan tarixinin qanlı səhifələrini unutmamağa səsləmişdir.