ALİ MƏHKƏMƏNİN HAKİMİ ABİDİN HÜSEYNOV İLƏ GÖRÜŞ KEÇİRİLDİ
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 25 oktyabr - Avropa Ədalət Mühakiməsi Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Abiddin Hüseynovla görüş keçirilmişdir. Hüquq fakültəsinin dekanı Zaur Əliyevlə görüş zamanı Ali Məhkəmə ilə Hüquq fakültəsi arasında tədris sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Daha sonra Abiddin Hüseynovun “Mülki-prosessual hüququn aktual problemləri” mövzusunda açıq mühazirəsi keçirilmişdir. A. Hüseynov mülki prosesdə çəkişmə prinsipi, mülki məhkəmə icraatında hakimin formal həqiqət axtarışı, sübutetmə yükü və digər məsələlər haqqında tələbələrə ətraflı məlumat vermişdir. Tələbələrin çoxsaylı sualları, müəllimlər və tələbələrin müxtəlif məsələlərlə bağlı diskussiyaları ilə müşaiyət olunan açıq mühazirə 2 saatdan artıq müddətdə davam etmişdir. Mühazirə böyük maraqla qarşılanmış və tələbələr bu cür faydalı mühazirələrin davam etdirilməsi və müvafiq hüquq sahələrinin alimlər və praktik işçilər tərəfindən birlikdə tədrisinin təşviq edilməsini təklif etmişlər.