AVROPA ŞURASI İLƏ BİRGƏ TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Avropa Şurası ilə birgə təlim keçirmişdir.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi əsasında “Avropa Insan Hüquqları Məhkəməsi – Qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində presedent hüququ” adlı tədbir keçirilmişdir. Avropa Şurasının Azərbaycandakı Ofisinin nümayəndəsi, layihənin Azərbaycandakı rəhbəri Pərvanə Bayramovanın moderatorluğu ilə keçirilən tədbirin açılış mərasimində Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri Səfir Zoltan Hernyes və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev həmçinin layihənin rəhbəri Sandra Veloy Mateu və Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov çıxış etmişlər. Tədbiri giriş sözü ilə Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri Səfir Zoltan Hernyes açaraq, bildirmişdir ki, “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (2019-2022): Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin əsas məqsədi adı çəkilən Konvensiyanın imzalanması və ratifikasiyasının təbliği, eləcə də milli qanunvericiliyin və siyasətin Avropa Şurası standartlarına uyğunlaşdırılması istiqamətində dəstək göstərməkdən ibarətdir. Səfir layihə üzrə tərəfdaş qismində Hüquq fakültəsini görməkdən məmnunluq hissi keçirdiyini bildirmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Avropa Şurası ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın zəruriliyini, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirdiyini vurğulamışdır. Zaur Əliyev layihə çərçivəsində təşkil olunan HELP kurslarına Hüquq fakültəsindən qoşulan müəllimlərin kursu müvəffəqiyyətlə bitirdiyini və sertifikatlarla təltif olunduğunu, 2021-2022-ci tədris ilindən bakalavr təhsil pilləsində tədris olunması üçün “Məişət zorakılığına qarşı mübarizə” adlı fənnin tədris proqramına daxil edildiyini bildirmişdir. Dekan onu da qeyd etmişdir ki, uzun illərdir ki, Hüquq fakültəsi magistratura təhsil səviyyəsində “Avropa Məhkəməsinin presedent hüququ” fənni tədris olunur.
Layihə haqqında qısa təqdimat keçirən Sandra Veloy Mateu insan hüquqlarının ciddi pozuntusu olan qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı mübarizəni əhatə edən əsas hüquqi standartlardan biri və hərtərəfli beynəlxalq müqavilə kimi tanınan İstanbul Konvensiyası, onun məzmununa dair məlumatlılığın artırılması, məqsəd və müddəalarının daha yaxşı başa düşülməsi üçün həyata keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlər haqqında, o cümlədən Azərbaycanın dövlət qurumları ilə üç əsas fəaliyyət sahəsində - qanunvericilik və siyasət çərçivəsi, məlumatlılığın artırılması tədbirləri və dövlət qulluqçularının bacarıqlarının gücləndirilməsi zəminində əməkdaşlıq barədə çıxış etmişdir.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, görkəmli hüquqşünas alim Lətif Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsi, onun fəaliyyət mexanizmi, müraciətlərə baxılması kimi məsələlər barəsində ətraflı çıxış etmişdir. Qadınlara qarşı zorakılıq və məişət zorakılığı - Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququ adlanan sessiyada Lətif Hüseynov bu mövzuda məhkəməyə daxil olmuş müraciətlər, onlara baxılması, məhkəmənin qərarı və icrası, bəzi baxılmış işlərdən misallar gətirərək, özünün geniş bilik və təcrübələrinə əsaslanan məlumatları tələbələrlə bölüşmüşdür.
Çıxışların sonunda sual-cavab sessiyası baş tutmuşdur ki, tələbələri maraqlandıran çoxsaylı suallar Lətif Hüseynov tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.