AVROPA ŞURASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
19 oktyabr 2022-ci il tarixində Hüquq fakültəsində Avropa Şurasının nümayəndə heyəti və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri ilə görüş keçirilmişdir.
Missiyanın məqsədi Azərbaycanda mediasiya və mübahisələrin alternativ həlli sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək fəaliyyət imkanlarını müzakirə etmək üçün milli tərəfdaşlarla ikitərəfli məsləhətləşmə görüşlərinin keçirilməsidir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirmişdir ki, fakültə ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur və Hüquq fakültəsi Avropa Şurasının rəsmi tərəfdaşı statusuna malikdir. Mediasiya haqqında qanunvericiliyin implementasiyasında Hüquq fakültəsinin fəal iştirak etdiyini vurğulayan dekan bakalavriat səviyyəsi üzrə növbəti tədris ilindən “Hüquqşünaslıq” ixtisasında “Mübahisələrin alternativ həlli” fənninin tədrisinin nəzərdə tutulduğunu, həmçinin magistratura təhsil səviyyəsində “Əqli mülkiyyət” ixtisaslaşması üzrə “Əqli mülkiyyət sahəsində məhkəmə prosedurları və mübahisələrin alternativ həlli” fənninin, “Kommersiya hüququ” ixtisaslaşması üzrə “Mübahisələrin alternativ həlli” fənninin, “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə isə “Əmək mübahisələri və onların həlli qaydası” fənninin tədris olunduğunu diqqətə çatdırmışdır. Görüşdə Hüquq klinikasının fəaliyyətinin və mediasiya simulyasiyalarının təşkil edilməsinin əhəmiyyəti vurğulanmışdır. Avropa Şurasının ekspertləri Hüquq fakültəsinin hüquqi islahatlar sahəsində rolunun vacibliyini vurğulayaraq fakültənin fəaliyyətini yüksək qiymətləndirmiş və fakültə ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə etmişlər.