AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA HÜQUQU ADLI DƏRSLİK NƏŞR OLUNUB
26 Sentyabr 2023 08:42
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru Ceyhun Qaracayevin “Azərbaycan Respublikasının Konstitusiya hüququ” dərsliyi nəşr edilmişdir. Dərslik müasir Azərbaycan konstitusionalizminin banisi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib və BDU-nun Hüquq fakültəsinin 95 illik yubileyi ilində nəşr olunub.
“Azərbaycan Respublikasının Konstitusiya hüququ” dərsliyi hüquq fakültəsinin tələbələrinə konstitusiya hüququnun əsas anlayış və kateqoriyalarını, habelə cəmiyyətin və dövlətin fəaliyyəti, şəxsiyyət və dövlət münasibətləri sahəsində konstitusiya hüquqi tənzimlənməsini öyrətmək məqsədi daşıyır.
Dərslikdə Azərbaycan konstitusionalizminin tarixi kökləri şərh olunur, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpası və 90-cı illərin əvvəllərində demokratik dövlət rejimi bərqərar olması nəzərə alınmaqla konstitusionalizmin müasir xüsusiyyətləri (insan hüquqlarının prioriteti, qanunun aliliyi və hakimiyyət bölgüsü və s.) təhlil edilir.
Dərslikdə Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası ilə Azərbaycan konstitusionalizmi ideologiyasının müasir inkişaf prosesi arasında qarşılıqlı təhlili verilir. Qeyd olunur ki, 1993-cü ildən başlayaraq ədalətli publik ictimai dəyərlər sistemini və Azərbaycanın dünyəvi inkişafı sayəsində konstitusiya quruluşunu bərqərar edilməsi ilə, hakimiyyət bölgüsü prinsipinə əsaslanan dövlət orqanları sisteminin bərpa edilməsi mümkün olmuşdur. Bu, öz növbəsində, vətəndaş cəmiyyətinin azad inkişafına, insan hüquq və azadlıqlarının təmin olunmasına münbit şərait yaratmışdır.
Dərslikdə insan və vətəndaşın hüquqi statusu, dövlət hakimiyyətinin və yerli özünüidarəetmənin təşkilinin əsasları ilə bağlı məsələlərə də yer ayrılmışdır.
Dərslik tələbələrə Azərbaycan Respublikasının konstitusiya hüququnun əsaslarını, konstitusionalizmin prinsip və kateqoriyalarını, konstitusiya hüquq institutlarını və davamı olaraq digər hüquq fənlərinin (xarici ölkələrin konstitusiya hüququ, inzibati hüquq, inzibati proses, mülki hüquq, cinayət hüququ, maliyyə hüququ və s.) öyrənilməsi üçün əsas təşkil edən anlayışları mənimsəməyə imkan verəcəkdir.
Bu dərsliyin hazırlanmasında BDU-nun Konstitusiya hüququ kafedrasının əməkdaşlarının yaradıcılıq təcrübəsindən, habelə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin (əsasən müəllifin oxuduğu və sonradan orada müvafiq fənləri tədris etdiyi Ukrayna hüquq məktəbi) hüquq fakültələrində bu fənnin inkişaf dinamikasından istifadə edilmişdir.
Dərslik, sovet dövrü üçün xarakterik olan mürəkkəb nəzəri konstruksiyalardan istifadə etməmək şərti ilə konstitusiya hüququ fənninin inkişafının müasir tendensiyalarını əks etdirir. O, həmçinin postsovet ölkələri üçün xas olan tədris materialının ənənəvi olaraq ümumi və xüsusi hissələrə bölünməsindən də çəkinir.
Bu dərslik Azərbaycan Respublikasının müstəqilliyini elan etdikdən sonra Konstitusiya hüququna dair rus dilində nəşr edilmiş ilk dərslikdir.
Dərsliyin müəllifi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin indiki hakimi və Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professorudur. O, 25 ildən artıq ölkənin müxtəlif universitetlərində konstitusiya hüququ, insan hüquqları və konstitusiya nəzarəti üzrə xüsusi kurslar tədris edib.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42