“Azərbaycanda mülki işlərdə həssas qruplardan olan şəxslərin ödənişsiz hüquqi yardıma çıxışının təkmilləşdirilməsi” mövzusunda silsilə müzakirələr təşkil etmişdir
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professor-müəllim heyəti hüquq elminin və tədrisinin inkişafı üçün çalışmaqla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də fəaliyyət göstərirlər. Məlum olduğu kimi, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini tənzimləmək üçün 9 iyun 2023-cü il tarixində “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanunun icrası ilə bağlı Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrası BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin dəstəyi ilə cari ilin sentyabr ayından noyabr ayınadək “Azərbaycanda mülki işlərdə həssas qruplardan olan şəxslərin ödənişsiz hüquqi yardıma çıxışının təkmilləşdirilməsi” mövzusunda silsilə müzakirələr təşkil etmişdir. Müzakirələrdə professor-müəllim heyəti ilə yanaşı hakimlər, vəkillər, QHT nümayəndələri iştirak etmişlər. Müzakirələrin nəticəsində mülki işlərdə həssas qruplardan olan şəxslərin ödənişsiz yüksək keyfiyyətli peşəkar hüquqi yardıma əlçatanlığının təkmilləşdirilməsi məqsədilə qanunda bir sıra dəyişiklik və əlavələrin edilməsinə dair təkliflər irəli sürülmüşdür. İrəli sürülən təkliflər ümumiləşdirilərək Hüquq fakültəsi tərəfindən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə göndərilmişdir.