BEYNƏLXALQ ƏQLİ MÜLKİYYƏT GÜNÜ ADLI DƏYİRMİ MASA KEÇİRİLİB
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Əqli mülkiyyət hüququ kafedrasında Heydər Əliyev İli çərçivəsində “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə dəyirmi masa keçirilmişdir. Kafedra müdiri vəzifəsini icra edən Aydın Səfixanlı tədbiri açıq elan edərək, “Azərbaycanda insan hüquqları və əqli mülkiyyət hüququnun qorunmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir. Aydın Səfixanlı öz çıxışında müstəqil Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət quruculuğu, insan hüquqlarının, o cumlədən, əqli mülkiyyət hüququnun müdafiəsi sahəsində həyata keçirilən islahatların memarı, bu sahədə davamlı uğurların qazanmasında misilsiz xidmətlər göstərmiş, mənalı ömrünü ölkəmizin inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və idarəçilik təcrübəsi barədə məlumat vermişdir. A. Səfixanlı eyni zamanda Azərbaycanda əqli mülkiyyət hüquqlarının qanunvericilik bazasının formalaşdığını, bu sahədə dövlət siyasətini həyata keçirən Əqli Mülkiyyət Agentliyinin səmərəli fəaliyyətindən, Agentliyin sədri Kamran İmanovun bilavasitə təşəbbüsü ilə Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrasının yaradıldığını və kafedrada bu sahədə ixtisaslaşan peşəkar kadrların hazırlanması istiqamətində işlərin aparıldığını qeyd etmişdir. Daha sonra, kafedranın müəllimləri - Xumar Qurbanova “Əqli mülkiyyət və gender bərabərliyi”, Azər Səfərov “Universitetlərdə əqli mülkiyyət siyasəti və elmi tədqiqat fəaliyyəti”, Aydan Məmmədova “Əqli mülkiyyət hüququ və innovativ inkişaf”, Leyla Əskərzadə “Tibb sahəsində patent”, Aytac İsmayılova “Plagiat və müəllif hüququ pozuntuları” mövzularında çıxışlar etmişlər. Tədbir mövzular ətrafında müzakirələrlə davam etmişdir.