BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜNƏ HƏSR EDILMIŞ TƏDBİR
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş elmi-praktik tədbir keçirilib.
Tədbirdə fakültənin professor-müəllim heyəti və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri iştirak etmişdir.
Hüquq fakültəsinin dekan vəzifəsini icra edən Cabir Quliyev açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlamış, günün mahiyyəti barəsində məlumat vermişdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən danışan C.Quliyev qeyd edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını kadrlarla təmin edib.
Milli Məclisin deputatı, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, Dəniz və enerji hüququ Mərkəzinin rəhbəri dosent Bəhruz Məhərrəmov çıxış edərək müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq qələbənin bu günü daha da əhəmiyyətli etməsindən danışmışdır. O, ulu öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsi üçün uzaqgörən addımlar atdığına, insan və vətəndaş hüquqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etməsinə diqqət çəkib.
Fakültənin sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, professor Əmir Əliyev "Ümumdünya İnsan hüquqları Bəyannaməsinin dünya dövlətlərinin qanunvericiliyində rolu", kafedranın müəllimləri Zaur Əliyev "Ümumdünya İnsan hüquqları Bəyannaməsinin beynəlxalq hüquqi əhəmiyyəti", Faiq Ağayev "Sosial xidmətlərin təşkili: insan hüquqları kontekstində", Əkbər Əliyev "Rəqəmsal cəmiyyətdə əqli mülkiyyət hüquqlarının müdafiəsi" mövzularında məruzələri dinlənilmişdir.
Çıxışlarda tarixən insan hüquqları və azadlıqları ilə bağlı vəziyyəti təhlil edərək hazırda bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamız qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub, ölkədə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülüb.
Sonda Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq fakültəsinin ikinci kurs tələbəsi Ramazan Əsgərxanovun "Davamlı İnkişaf Məqsədləri və insan hüquqları arasında sosial əlaqə" mövzusunda çıxışı baş tutmuşdur.