Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirildi
24 noyabr 2023-cü il tarixində Hüquq fakültəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilmişdir. Hüquq fakültəsi ilə Komitə arasında əməkdaşlıq əlaqələri və birgə tədbirlərin həyata keçirilməsi, müəllimlərin və tələbələrin dəstəklənməsi məsələləri müzakirə olunmuş, əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd edilmişdir. Həmçinin Komitənin Şərqi Avropa üzrə regional əlaqələndiricisi, beynəlxalq humanitar hüquq üzrə tanınmış beynəlxalq ekspert PhD A.Kozik üçüncü və dördüncü kurs tələbələri qarşısında “Beynəlxalq humanitar hüququn əsasları” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirə zamanı müasir dövrdə baş verən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn tətbiq edilmə qaydaları, tətbiqetmə zamanı üzləşilən problemlər, innovativ texnologiyaların tətbiqi barəsində məlumat verilmişdir. Mühazirənin sonunda A.Kozik mövzu ilə bağlı tələbələrin suallarını cavablandırmış, tələbələrlə mövzu haqqında müzakirələr aparılmışdır. Tələbələr həyata keçirilən mühazirələrin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasında mühüm töhfə olduğuna və gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmasında müstəsna rol oynayacaqını vurğulamışlar.