BİR QRUP HAKİMİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB
23 fevral 2024-cü il tarixində Hüquq fakültəsinin və Azərbaycan Hakimlər İttifaqının birgə təşəbbüsü ilə bir qrup hakimin tələbələrlə görüşü keçirilmişdir. Tədbirdə Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov, Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov, Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyev, Binəqədi rayon məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Abbas Rzayev, Hakimlər İttifaqının mətbuat xidmətinin rəhbəri Kəramət Əliyev, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbirin əhəmiyyətini vurğulayaraq fakültənin məhkəmə orqanları ilə əməkdaşlığının, həmçinin hakimlərin mütəmadi olaraq tələbələr qarşısında mühazirələrlə çıxış etməsinin praktikayönümlü peşəkar hüquqşünas kadrların formalaşmasına yardımçı olduğunu bildirmişdir. Hüquq fakültəsinin Ali Məhkəmə ilə sıx əməkdaşlıq etdiyini qeyd edən dekan Femida Dialoq Platforması çərçivəsində hüquq elminin və praktikasının inkişafına xidmət edən faydalı müzakirələrin keçirildiyini, həmçinin tələbələrin Femida Könüllüləri Təşkilatında fəal iştirak etdiklərini diqqətə çatdırmışdır. Tədbirdə iştirak edən hakimlər və Hakimlər İttifaqının üzvləri əlavə kassasiya qaydasında icraat, mirasın qəbul edilməsi qaydası və müddəti (nəzəri və təcrübi problemlər) ilə bağlı mövzularda ətraflı çıxışlar etmiş və tələbələrin çoxsaylı suallarını cavablandırmışlar. Tələbələr bu cür tədbirlərin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu bildirmişlər.