DEKAN AVROPA ŞURASININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Hüquq fakültəsinin dekanı Avropa Şurasının nümayəndələri ilə görüşmüşdür
BDU-nun Hüquq fakültəsi ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıq çərçivəsində Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin rəhbəri Sandra Veloy Mateu Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev ilə görüşmüşdür. Görüşdə həmçinin layihənin Azərbaycandakı rəhbəri Pərvanə Bayramova, Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova da iştirak etmişlər. Bakı Dövlət Universitetinin bu layihənin tərəfdaşı olmasından məmnunluğunu ifadə edən Sandra Veloy 2020-2022-ci illəri əhatə edən layihə çərçivəsində görülən işlər barəsində ümumi məlumat vermis, Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işlərində hüquqşünasların İstanbul Konvensiyası və gender bərabərliyi sahəsində Avropa Şurası standartlarına dair bilik və bacarıqları tətbiq etməsinin, eyni zamanda HELP kursunun bir sıra materiallarının fakültənin tədris prosesində istifadə olunmasının İstanbul Konvensiyasının məzmununa dair məlumatlılığın artırılması, onun məqsəd və müddəalarının daha yaxşı başa düşülməsi üçün böyük əhəmiyyətə malik olmasını vurğulamışdır.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev bu layihənin və Avropa Şurası ilə əməkdaşlığın önəmini vurğulayaraq, 2021-ci ildən etibarən layihənin nəticəsi olaraq “Məişət zorakılığına qarşı mübarizə” adlı fənnin Hüquq fakültəsinin tədris proqramına daxil ediməsini xüsusi qeyd etmişdir. Eyni zamanda, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin nəzdində fəaliyyət göstərən Hüquq klinikasının işinin təkmilləşdirilməsi və Avropa Şurasının ekspertlərinin cəlb olunması, Hüquq fakültəsinin bir qrup tələbəsinin Avropa İnsan Hüquqları Məhkəməsinə təcrübə üçün ezam olunması məsələləri müzakirə edilmişdir. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməsi xüsusi vurğulanmışdır. Təkliflər müsbət qarşılanmış və əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilmişdir.