DEKAN BMT-NİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRMİŞDİR
Hüquq fakültəsinin dekanı Zaur Əliyev BMT-nin nümayəndə heyəti-rezident əlaqələndirici Vladanka Andreeva, İnsan Hüquqları üzrə Milli Müşavir Kamran Bağırov və İnsan hüquqları üzrə Ali Komissarlığın layihə rəhbəri Rəşad Əliyevlə görüş keçirmişdir. Görüşdə BMT ilə Hüquq fakültəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Zaur Əliyev fakültə haqqında ətraflı məlumat verərək bildirmişdir ki, uzun müddət respublika üzrə hüquqşünas kadrların hazırlanması üzrə yeganə məktəb olan Hüquq fakültəsinin kontingent sayı iki min nəfərə yaxın olmaqla həm bakalavriat, həm də magistraturada tədris üç dildə-Azərbaycan, rus və ingilis dillərində aparılır. Magistratura səviyyəsində insan hüquqlarına dair 22 fənnin tədris olunduğunu bildirən dekan Fakültə ilə İnsan Hüquqları üzrə Ali Komissarlıq arasında əməkdaşlıq çərçivəsində Azərbaycan və ingilis dillərində “İnsan hüquqları” ixtisaslaşması üzrə tədris proqramları toplusunun hazırlandığını bildirmişdir. BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva Fakültə ilə əməkdaşlıqda maraqlı olduqlarını, bu əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirmiş və gələcəkdə tədrisi ingilis dilində aparılan “İnsan hüquqları” ixtisaslaşmasında tədris prosesinə BMT-nin insan hüquqları sahəsində ekspertlərinin cəlb edilməsini təklif etmişdir. Daha sonra BMT-nin nümayəndələri ingilis dilli qrupda təhsil alan tələbələrlə görüşmüş, onları maraqlandıran çoxsaylı sualları cavablandırmışlar. Tələbər bu cür görüşlərin onların nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılmasına mühüm töhfə olduğunu bildirmişlər.