DEKAN I KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRMİŞDİR
15 Sentyabr 2023 17:31
15 sentyabr Bilik Günündə Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin birinci kurs tələbələri ilə görüş keçirmişdir. Tələbələr qarşısında çıxış edən dekan bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetində təhsil almaq hər bir gənc üçün şərəfdir, Hüquq fakültəsinin tələbəsi olmaq isə xüsusi bir məsuliyyətdir. Bu ilin Ulu Öndərin 100 illiyi ilə əlamətdar olduğunu və “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran dekan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə tələbələrə ətraflı məlumat vermişdir.
Ulu öndərin hüquq sahəsinin inkişafına göstərdiyi qayğıdan, milli hüquqşünas kadrların yetişməsində əvəzsiz xidmətlərindən danışan dekan bildirmişdir ki, məhz Ulu öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması, hakimiyyətlər bölgüsü prinsipinin bərqərar olması hüquq elminin inkişafında dönüş nöqtəsi yaratmış və yeni eranın başlanğıcı olmuşdur. Qeyd edilmişdir ki, bu, həm aparılan hüquqi tədqiqatların məzmununu köklü dəyişdirmiş, həm də hüquqşünas kadrların yetişdirilməsi prosesinə öz əsaslı və əhəmiyyətli təsirini göstərmişdir. Dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizi məhv olmaqdan, parçalanmaqdan və süquta uğramaqdan xilas edərək yeni, müasir hüquqi-demokratik Azərbaycan dövləti qurduğunu, bugünkü uğurların və qələbələrin möhkəm təməlini qoyduğu diqqətə çatdırılmışdır. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini bildirmişdir.
Dekan Zaur Əliyev gənclərə, tələbələrə müraciət edərək bildirmişdir ki, bu gün hər birimiz Ümummilli lider Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik.
Respublikamızın ilk, ən qocaman fakültəsi olan 95 yaşlı Hüquq fakültəsinin tarixi, keçdiyi inkişaf yolu haqqında məlumat verən dekan hal-hazırda əsas məqsədin keyfiyyətli və qabaqcıl beynəlxalq standartlara cavab verən, Magna Charta Universitatum müddəalarına uyğun olaraq təhsilin və tədris prosesinin təşkili, innovativ elmi tədqiqat işlərinin aparılması üçün zəruri şəraitin yaradılması və sağlam elmi mühitin formalaşdırılması, həmçinin öz təhsillərini Hüquq fakültəsinə etibar etmiş şəxsləri yüksək biliklərlə təmin etməkdən ibarət olduğunu bildirmişdir.
Dekan Zaur Əliyev tələbələrin suallarını cavablandırmış, təkliflərini dinləmişdir.
Tədbirdə həmçinin, Ulu öndərə həsr edilmiş film nümayiş etdirilmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42