DEKAN İNSAN HÜQUQLARI ÜZRƏ KOMİSSARLA GÖRÜŞ ZAMANI MİNALANMIŞ ƏRAZİLƏR MÖVZUSUNU GÜNDƏMƏ GƏTİRİB
13 Oktyabr 2023 15:45
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının Azərbaycan üzrə nümayəndəsi ilə görüşdə minalanmış ərazilərlə bağlı məsələni gündəmə gətirmişdir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyevin rəhbərliyi ilə fakültənin müəllim və tələbə heyətinin Avropa Şurasına səfəri çərçivəsində İnsan Hüquqları üzrə Komissarın Azərbaycan üzrə insan hüquqları məsləhətçisi ilə görüşdə Zaur Əliyev Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı problemləri gündəmə gətirmiş və bildirmişdir ki, müharibənin başa çatdığı gündən bu günə qədər 314-dən çox insan minaların qurbanı olub və xüsusilə qeyd olunmalıdır ki, bu insanların cəmi 10 %-i hərbçilərdir, qalanları mülki şəxslərdir. Basdırılmış bir sıra minaların Vətən müharibəsinin başa çatmasından sonrakı dövrdə Ermənistanda istehsal olunduğunun sübuta yetirildiyini bildirən dekan qeyd etmişdir ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyən keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıda bilmir və beləliklə də onların fundamental hüquq və azadlıqları pozulmaqda davam edir.
Ardınca Zaur Əliyev Ermənistanın hələ də minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməməsini azərbaycanlıların yaşamaq hüququna qəsd kimi qiymətləndirərək, İnsan Hüquqları üzrə Komissarın insan hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan bu cür ciddi məsələyə münasibət bildirməsi ilə bağlı müraciət etmişdir.
Dekan Zaur Əliyev həmçinin bildirmişdir ki, Ermənistanın işğalı nəticəsində 30 ilə yaxın müddətdə azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş fundamental hüquq və azadlıqları BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsinə dair müvafiq qətnamələrinin olmasına baxmayaraq illərlə davam edən zorakılıqlara və beynəlxalq hüquq normalarının pozuntusuna Azərbaycan özü son qoymuşdur. Dekan bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq humanitar hüquq normaları gözlənilməklə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu. Ermənistanın işğal altında saxladığı əraziləri viran qoyduğunu, yerlə-yeksan etdiyini diqqətə çatdıran dekan bütün infrastrukturun, tarixi, dini, mədəni abidələrin dağıdıldığını diqqətə çatdırmışdır. Fakültə dekanı bildirmişdir ki, respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi, qanunsuz silahlı birləşmələrin və terrorçu qüvvələrin zərərsizləşdirilməsi məqsədilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə uyğun olaraq lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam şəkildə bərqərar olundu. Öz çıxışının davamında Zaur Əliyev xüsusi vurğulamışdır ki, biz hüquqşünas olduğumuz üçün məsələyə hüquqi aspektdən yanaşırıq, ona görə də qeyd etməliyik ki, Azərbaycan Respublikasının həyata keçirdiyi bütün əməliyyat və tədbirlər beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüququn əsas müddəalarına uyğun şəkildə həyata keçirilmişdir. Dekan xüsusi olaraq vurğulamışdır ki, Qarabağ iqtisadi rayonunun erməni əsilli sakinləri könüllü olaraq oranı tərk edir, baxmayaraq ki, Azərbaycan tərəfi onları qida məhsulları, enerji, yanacaq, tibbi yardım və digər zəruri məmulatlarla təmin edir. Erməni sakinlərin Azərbaycan ərazisini tam könüllü şəkildə tərk etməsi ilə bağlı yetərincə mötəbər mənbələrin, faktların və video materialların olduğunu bildirən, sülh hüququnun fundamental kollektiv insan hüquqlarından biri olduğunu, bununla bağlı BMT-nin xüsusi qətnaməsinin qəbul edildiyini diqqətə çatdıran dekan vurğulamışdır ki, bölgədə uzunmüddətli sülhün təmin edilməsi üçün Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının da məsələyə obyektiv yanaşması xüsusilə önəmlidir.
Komissarlığın nümayəndəsi minalanmış sahələrin ciddi narahatlıq doğurduğunu etiraf edərək bu məsələni və digər qeyd olunan məsələləri Komissarın diqqətinə çatdıracağını bildirmiş və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qeyd-şərtsiz tanındığını vurğulamışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42