DEKAN VƏ TƏLƏBƏLƏR HEYDƏR ƏLİYEV MƏRKƏZİNİ ZİYARƏT ETMİŞLƏR
Heydər Əliyev İli çərçivəsində Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin müxtəlif kurslardan olan tələbələri ilə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Heydər Əliyev irsinin araşdırılması, təbliği və qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlar təqdim olunur. Ulu öndərin hər kəsə nümunə ola biləcək həyat və fəaliyyətini özündə əks etdirən bu unikal muzeylə tanışlıq fakültə dekanında və tələbələrdə geniş təəssürat yaratmış, Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından faydalı olmuşdur.