DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetimin (BDU) Hüquq fakültəsində 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib, sonra Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadənin moderatorluğu ilə keçirilən tədbirdə fakültənin dekan vəzifəsini icra edən Cabir Quliyev, Professor Əmir Əliyev, Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova, tarixçi alimimiz, dosent Boran Əziz, dosent Bəxseyiş Əsgər, dosent Novruz Mehdiyev çıxış edərək Dövlət Bayrağı Günü və Vətən müharibəsində qazanılmış parlaq Qələbə münasibətilə təbrik nitqləri səsləndirmişdir.
Həmçinin Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin əlaməti kimi dəyərləndirib, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı daim uca tutmağı tövsiyə ediblər. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğaldan azad olunmuş torpaqlarında yenidən dalğalanmasının azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması və torpaqlarımızın işğaldan azad olunmasının xalqımıza qürur hissi yaşatması barədə fikirlər səsləndirilib.
Tədbirdə fakültənin birinci kurs tələbələri Bağırov Kənan və Ağayeva Rəhimənin çıxışları baş tutmuşdur. Çıxışlarda 8 Noyabrda Şuşaya sancılan ay-ulduzlu üçrəngli bayraq şəhid qanıyla bütövləşən vətən torpaqlarının bölünməzliyinin simvolu olduğu, Dəmir Yumruq əməliyyatının ölkəmizdəki xalq-dövlət-ordu birliyini bütün dünyaya nümayiş etdirdiyi və bu ifadə tək Azərbaycan xalqının deyil, bütövlükdə Türkiyə - Azərbaycan qardaşlığının və dostluğunun mücəssəməsinə çevrildiyi vurğulanmışdır. Tələblərin ifasında şeirlər səsləndirilmişdir.