DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
15 oktyabr 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir baş tutmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Kamal Cəfərov, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açıq elan edən Hüquq fakültəsinin dekanı Professor Əmir Əliyev 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətinin olması ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından qat-qat çətin olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən Kamal Cəfərov qeyd etmişdir ki, qədim zamanlarda Azərbaycan ərazisində bir sıra müstəqil dövlətlər mövcud olmuşdur. Lakin tarixi proseslər və hadisələr nəticəsində Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirmişdir. Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olmuşdur. 1918-ci ildə şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin 23 aydan sonra süqutundan sonrada müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir.
O, öz çıxışında xalqımızın hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına mübarizə apardığını bildirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə etdiyi bildirilmişdir.
Daha sonra Fakültənin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov öz təşəkkürlərini bildirmiş, bir sıra təkliflərlə çıxış etmişdir.
Sonda isə Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə mövzunun vacibliyi haqqında çıxış edərək, Kamal Cəfərova öz təşəkkürlərini bildirmiş, belə görüşlərin davamlı olmasını arzulamışdır.