ƏDLİYYƏ SAHƏSİNDƏ TƏTBİQ OLUNAN İNNOVASİYALARA DAİR İCTİMAİ TƏQDİMAT KEÇİRİLMİŞDİR
Hüquq fakültəsində ədliyyə sahəsində tətbiq olunan innovasiyalara dair ictimai təqdimat keçirilmişdir. Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər və məsul şəxsləri, Hüquq fakültəsinin professor-müəllim və tələbə heyəti, ədliyyə könüllüləri iştirak etmişlər.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev “mobil E-qanun” tətbiqinin və ədliyyə sahəsində digər innovasiyaların təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxış edərək tədbirin həm də çox əlamətdar bir günə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə təsadüf etdiyini bildirmiş, bu gün münasibətilə tədbir iştirakçıları və qonaqları təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası haqqında danışan Zaur Əliyev dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizi məhv olmaqdan, parçalanmaqdan və süquta uğramaqdan xilas edərək yeni, müasir hüquqi-demokratik Azərbaycan dövləti qurduğunu, bugünkü uğurların və qələbələrin möhkəm təməlini qoyduğunu diqqətə çatdırmışdır. O, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini vurğulamışdır. O, həmçinin, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirmişdir.
Sonra nazirlik tərəfindən müasir texnologiyalar və rəqəmsal innovasiyalar tətbiq olunmaqla əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətləri barədə məlumat verilmiş, “Mobil notariat”, “Elektron məhkəmə” informasiya sisteminin mahiyyəti və ictimai əhəmiyyəti qeyd olunmuş, funksional imkanları nümayiş etdirilmişdir.
Ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin etmək məqsədilə tətbiq olunan və vətəndaş məmnunluğu doğuran bu innovasiyalar aidiyyəti əməliyyatların məsafədən daha asan, rahat və çevik həyata keçirilməsinə imkan yaradır.
Eyni zamanda, tələbələr üçün faydalı ola biləcək milli qanunvericiliyin e-qanun.az elektron bazası və onun mobil tətbiqinə dair təqdimat keçirilərək onun qəbul olunan yeni normativ aktların mətni ilə daha asan və rahatlıqla tanış olmağa imkan verdiyi diqqətə çatdırılmışdır.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Hüquq fakültəsi ilə əməkdaşlığın genişləndirilməsi məsələsinin nazirliyin daim diqqətində olduğunu vurğulayaraq çoxsaylı səmərəli təkliflərlə çıxış etmişdir.
Ədliyyə Nazirliyinin təqdimatı Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələrinin böyük marağına səbəb olmuşdur.