EKOSİD VƏ URBİSİD CİNAYƏTLƏRİNİN KRİMİNALLAŞDIRILMASI BARƏDƏ TƏKLİFLƏR HAZIRLANIB
13 Yanvar 2023 08:55
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərir. Fakültədə təşkil olunan elmi konfrans və seminarlarda, professor-müəllim heyətinin ekspert qismində fəaliyyətində, o cümlədən tədris prosesində hüquq elminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin irəli sürülməsi prioritet istiqamətlərdəndir.
Elə bu məqsədlə Hüquq fakültəsi Elmi Şurasının iclasında günümüzdə böyük aktuallıq kəsb edən və ictimai təhlükəliliyi ilə cəmiyyəti narahat edən “ekosid” və “urbisid” kimi əməllərin kriminallaşdırılmasının zəruriliyi müzakirə edilərək qüvvədə olan cinayət qanunvericiliyində sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərin sırasının genişləndirilməsi ilə bağlı təklif irəli sürülmüşdür.
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin irsinə əsaslanaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində parlaq qələbə qazanaraq 30 ilə yaxın işğala son qoydu. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı beynəlxalq cinayət kimi tanınan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 (Sülh və insanlıq əleyhinə cinayətlər) və 17-ci (Müharibə cinayətləri) fəsillərinə daxil olan maddələrlə məsuliyyət yaradan bir sıra əməllər (təcavüzkar müharibə, soyqırım, insanlıq əleyhinə və müharibə cinayətləri) törədilmişdir. Lakin işğal dövründə Qarabağın və ətraf rayonların ekosisteminə genişmiqyaslı ciddi ziyanın vurulmasına, yerli əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə şəhərlərin, digər iri yaşayış məskənlərinin qəsdən tamamilə dağıdılıb məhv edilməsinə görə məsuliyyət müəyyən edən müstəqil normalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud deyildir (ekosid və urbisid cinayətlərinin tərkibinə daxil olan bəzi hərəkətlər yalnız müharibə cinayətləri kimi 116-cı maddə üzrə məsuliyyət nəzərdə tutur).
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr 2022-ci il tarixli müraciətində Azərbaycanın böyük ekoloji fəlakətlə, urbisidlə üzləşdiyi qeyd edilir.
Qeyd edilənləri nəzərə alaraq, Hüquq fakültəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə “ekosid” və “urbisid” əməllərinin kriminallaşdırılması ilə əlaqədar müvafiq olaraq 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlanmış və müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisinə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilmişdir.
Hüquq fakültəsi tərəfindən hazırlanmış təkliflər cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə və inkişafına xidmət edir.
Hüquq fakültəsi tərəfindən hazırlanmış təkliflərlə əlavə olunmuş şəkillərdən tanış olmaq olar.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42