ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin "Tələbədən tələbəyə" layihəsi çərçivəsində COP29-a həsr olunmuş "Ətraf mühit və insan hüquqları" mövzusunda növbəti təlim keçirilmişdir. Təlimçi qismində Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Səyad Ələkbərov çıxış etmişdir. Təlim zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ kontekstində ətraf mühitin mühafizəsi və insan hüquqları, ətraf mühitin mühafizəsinin insan hüquqları aspektindən əhəmiyyəti, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının milli ətraf mühit siyasətinə təsiri, ətraf mühit siyasətinin tənzimlənməsində balansın qorunması, ətraf mühitin mühafizəsi ilə bağlı yaranan yeni tendensiyalar və digər məsələlər barədə geniş müzakirə aparılmışdır. Təlimin davamında tələbələr ətraf mühitin mühafizə səviyyəsi təsirinin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci, 8-ci və 1-ci protokolunun 1-ci maddəsi ilə qarşılıqlı əlaqəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində baxılan işlərlə tanış olmuşlar. Təlim tələbələr tərəfindən maraqla qarşılanmış və onlar tərəfindən təlimçiyə müxtəlif suallar ünvanlanmışdır. Təlim tələbələrin COP29 haqqında yeni biliklər əldə etməsi baxımından da faydalı olmuşdur.