FAKÜLTƏ NÜMAYƏNDƏLƏRİ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİB
16-18 may 2022-ci il tarixlərində İstanbul Ticarət Universiteti tərəfindən “İnzibati hüquq və inzibati yurisdiksiya” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın işində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev və İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev iştirak etmişlər. İstanbul Ticarət Universiteti və İstanbul Universiteti Hüquq Fakültəsinin ev sahibliyi etdiyi, Professor Siddik Sami Onar adına İnzibati Hüquqi Araşdırma və Tətbiq Mərkəzi, Buxara Dövlət Universiteti, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, L.N. Qumilev adına Avrasiya Milli Universiteti, Əl-Farabi adına Qazax Milli Universiteti, KH. Dosmuxammedov Atyrau Universiteti Beynəlxalq Vizyon Universiteti, Səmərqənd Dövlət Universitetinin Özbək-Fin Pedaqoji İnstitutu, Sarayevo Beynəlxalq Universiteti (İUS), Kosovo UBT Ali Təhsil Təşkilatı (UBT) və Daşkənd İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən beynəlxalq konfrans onlayn formatda baş tutmuşdur.
Elmi müzakirə platforması yaratmaq və yeni təkliflər haqqında məlumat mübadiləsini həyata keçirmək məqsədi daşıyan “İnzibati hüquq və inzibati yurisdiksiya çərçivəsində ətraf mühit, iqlim dəyişiklikləri və ekologiya” adlı beynəlxalq simpoziumun açılış mərasimində İstanbul Universiteti Hüquq Fakültəsi prof. Sıddık Sami Onar adına İnzibati Hüquqi Araşdırma və Tətbiq Mərkəzinin müdiri professor Aydın Gülan, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, İstanbul Ticarət Universiteti Hüquq Fakültəsinin dekanı professor Asuman Yılmaz, İstanbul Ticarət Universitetinin rektoru professor Yücel Oğurlu, Avrasiya Milli Universitetinin müəllimi dosent Qənijamal İmanqızı Kuşenova, Özbəkistan Dövlət Strategiyanın İnkişafı Mərkəzinin rəhbəri Eldor Tulyakov çıxış etmişlər.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev açılış nitqində Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisinə əsaslanan Azərbaycan–Türkiyə əlaqələrinin hər iki ölkə rəhbərinin həyata keçirdiyi siyasət nəticəsində sarsılmaz qardaşlıq, iqtisadi, siyasi, mədəni, hərbi, təhsil və digər sahələrdə davamlı əməkdaşlıq şəraitində sürətlə inkişaf etdiyini vurğulamışdır. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilimiş, 44 gün davam edən II Qarabağ müharibəsində Türkiyənin Azərbaycan xalqına dəstəyini, müharibənin ilk günündən Şuşada bayrağımız ucalana qədər göstərdikləri qardaşlığa və dostluğa söykənən fəaliyyətləri heç vaxt unudulmayacağını diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu günlərdə Rize-Artvin Hava Limanının açılışında parlaq nitqini diqqətə çatdıran Zaur Əliyev, dövlət başçısının II Qarabağ müharibəsini Azərbaycan-Türkiyə ortaq şanlı tarixi kimi qiymətləndirdiyini qeyd etmişdir. Müstəsna siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında, Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvə kimi xarakterizə olunduğunu qeyd etmişdir.
Zaur Əliyev, gələcəkdə Türkiyə universitetləri ilə Hüquq sahəsində tələbə mübadiləsi və ikili diplom proqramlarının qurulmasının vacibliyini vurğulamışdır.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev Simpoziumun Elmi komitəsinin üzvü və “Ətraf Mühit Problemlərinə Qlobal Baxış” adlanan 3-cü sessiyanın sədri kimi iştirak etmişdir. İngilis və türk dillərində olmaqla 10-a yaxın iştirakçının çıxışının baş tutduğu sessiyada maraqlı və aktual məsələlər gündəmə gətirilmiş və müzakirə obyektinə çevrilmişdir.