FAKÜLTƏ RƏHBƏRLİYİ 10 DEKABR-BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİRDƏ İŞTİRAK EDİB
09 dekabr 2022-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), BMT-nin Azərbaycandakı nümayəndəliyinin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkilatçılığı ilə dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə, həmçinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, dekan müavini Aytəkin İbrahimova və tələbələr iştirak etmişlər. Giriş nitqi ilə BMT-nin Azərbaycandakı nümayəndəsi adından Guido Ambroso, Ombudsman Səbinə Əliyeva və Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış etmişlər. Zaur Əliyev çıxışında bildirmişdir ki, Azərbaycanda insan hüquqlarının inkişafı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin həmişə insan hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini vurğulayan dekan Azərbaycanda insan hüquqları sahəsində ilk dövlət proqramının məhz xalqımızın ümummili lideri Heydər Əliyev tərəfindən təsdiq edildiyini qeyd etmişdir. Fakültə dekanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşdığını, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən Milli İnsan Hüquqları Gününün təsis edildiyini bildirmişdir. Zaur Əliyev onu da qeyd etmişdir ki, artıq bir neçə ildir ki, İnsan hüquqları gününü qalib dövlətin qürurlu vətəndaşları kimi qeyd edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun işğal altında olan əraziləri azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edən dekan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərlərinin işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır.
Tədbirdə fakültənin tələbələri Ülviyyə Allahverdiyeva və İnqilab Hüseynzadə insan hüquqlarına dair materialların Azərbaycan dilində yerləşdirildiyi yenilənmiş Website-nın təqdimatını keçirmişlər. Onlar Website-dan istifadə qaydalarını və saytda yerləşdirilən məlumatların təsnifatını tədbir iştirakçılarının diqqətinə çatdırmış, saytın tələbələrə insan hüquqları sferasında əsas mənbə olacağını bildirmişlər.
Tədbir Hüquq fakültəsi tələbələrinin “Sosial teatr” tamaşası ilə davam etmişdir. Fakültənin 15 tələbəsinin (Həsənov İlham, Allahverdiyeva Aysel, Həsənova Könül, Muradova Cəmilə, Xanəliyeva Humay, Bağırov Kənan, Məmmədov Cəfər, Məmmədov Rəcəb, Həsənova Aysurə, Məhərrəmli Nihad, Ağamirzəyev Anar, İbişova Səbinə, İskəndərov Şahmalı, Mirzəzadə Veysəl, İbişov Barış) iştirakı ilə təqdim edilən tamaşada insan hüquqları sahəsində diskriminasiya, qadın hüquqları, gender bərabərliyi səhnələşdirilmişdir. Tamaşa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə həmçinin, Hüquq fakültəsi tələbələrinin İnsan Hüquqları Günü münasibətilə hazırladıqları videoçarx nümayiş etdirilmişdir.
Onu da qeyd etmək lazımdır ki, tələbələr tədbirdə könüllü kimi də iştirak etmiş, tədbirin təşkilində yaxından köməklik göstərmişlər.