FAKÜLTƏNİN DEKANI VƏ PROFESSOR MÜƏLLİM HEYƏTİ QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ; HÜQUQİ ASPEKTLƏR MÖVZUSUNDA İCTİMAİ DİNLƏMƏDƏ İŞTİRAK EDİBLƏR
25 Sentyabr 2023 18:06
25 sentyabr 2023-cü il tarixində Hüquq fakültəsinin dekanı Zaur Əliyev və fakültənin professor-müəllim heyəti Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda keçirilən ictimai dinləmədə iştirak etmişlər. İctimai dinləmədə Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış etmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən ilin dekabrında Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşdə proqram xarakterli çıxışının müstəsna əhəmiyyətini qeyd edən fakültə dekanı bildirmişdir ki, Qərbi Azərbaycandan-indiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır. Dekan Zaur Əliyev vurğulamışdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnun təminatı ilə bağlı Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa borcludur. BMT-nin müqavilə mexanizmlərindən olan İnsan Hüquqları Komitəsinə, eləcə də İnsan Hüquqları Şurasına müraciətin zəruriliyini bildirən dekan bu məsələ ilə bağlı Baş Assambleyanın xüsusi qətnaməsinin qəbul olunmasına və həmin qətnamədə Gürcüstanla bağlı 21 may 2021-ci il tarixli qətnamədə olduğu kimi qayıdış hüququ ilə bağlı müddəaların təsbit olunmasına nail olmağın vacibliyini qeyd etmişdir.
Məsələyə beynəlxalq-hüquqi aspektdən yanaşan dekan Zaur Əliyev Ermənistanın törətdiyi hüquq pozuntularını uzanan pozuntu kimi qiymətləndirərək, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, Avropa Məhkəməsinin zamana görə yurisdiksiyası kontekstində Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiyasından və Məhkəmənin yurisdiksiyasını tanımasından əvvəl baş verən, lakin bu günədək davam edən uzanan hüquq pozuntusu vardır. Yəni baxmayaraq ki, pozuntu faktı baş verəndə Konvensiya Ermənistan üçün məcburi hüquqi qüvvə kəsb etmirdi, bu pozuntu Ermənistanın Konvensiyaya qoşulmasından sonra da davam etmişdir. Məhkəmənin təcrübəsinə əsasən, bu pozuntulara “uzanan hüquq pozuntusu” statusu verilməli və buna əsasən qarşı tərəfin “ratione temporis”lə bağlı ola biləcək etirazı rədd edilməlidir.
Qərbi Azərbaycana qayıdışla bağlı fakültə tərəfindən təkliflər hazırlandığını qeyd edən dekan, əsasən də informasiya müharibəsinin vacibliyini nəzərə alaraq Qərbi Azərbaycan İcmasının təsis edilmiş sosial şəbəkələrində aktivliyin təmin edilməsi məqsədilə professor-müəllim heyətinin və tələbələrin sosial şəbəkələrdə fəal iştirakını təşviq etmək, həftənin müəyyən günlərində KİV-də Qərbi Azərbaycandan olan tələbə, professor-müəllim heyətinin həyat hekayəsi, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, məsələnin hüquqi və beynəlxalq hüquqi aspektləri mövzusunda çıxışlar edilməsinin zəruriliyini, fakültə tərəfindən Qərbi Azərbaycan.info instagram səhifəsinin yaradıldığını diqqətə çatdırmışdır.
Çıxışının yekununda Hüquq fakültəsi ilə Qərbi Azərbaycan İcması arasında sıx əməkdaşlığın olduğunu diqqətə çatdıran dekan 2023/2024-cü tədris ili ərzində fakültə tərəfindən bir sıra tədbirlərin və layihələrin həyata keçiriləcəyini, ən əsası isə “Qərbi Azərbaycana ləyaqətli qayıdış Ulu Öndərin vəsiyyəti kimi” adlı tədbirin keçiriləcəyini bildirmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42