FAKÜLTƏNİN PROFESSORU BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB
19 noyabr 2021-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, professor Əmir Əliyev Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış və iştirak etmişdir.
Əl-Fərabi Qazax Milli Universitetinin təşkil etdiyi «30 лет Независимости Казахстана – правовая модель Нурсултана Назарбаева как основа политической стабильности и экономического процветания» adlı konfransda ilk olaraq Əl - Fərabi adına Qazax Milli Universitetinin rektoru Kanseyt Janseytoviç Tuymebaev, Qazaxıstan Respublikasının ədliyyə naziri M.B.Beketayev, Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Jakıb Asanov, Qazaxıstan Milli Məclisin sədr müavini Berik Bekcanov, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin Sədri Zühtü Arslan, Qazaxıstan Respublikası Konstitusiya məhkəməsinin sədri Mami Kayrat Abdrazakoviç, Əl-Fərabi Qazax Milli Universitetinin Hüquq fakültəsinin dekanı professor Daulet Baydeldinov və başqa dövlət xadimləri, o cümlədən xarici alimlər iştirak etmişdir. Zoom platforması üzərindən baş tutan konfransda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev çıxış edərək, Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi münasibətilə öz təbrikini çatdırmış, Bakı Dövlət Universiteti və Qazax Milli Universiteti arasındakı magistratura pilləsində ikili diplom proqramının qurulmasından, bu sahədə birgə kadr hazırlığından öz məmnunluğunu ifadə etmiş, bu ikili diplom proqramının həm də Qazaxıstan Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin daha da genişləndirdiyini vurğulamışdır.