FRANSALI PROFESSORUN MAGİSTRANTLARA DƏRSİ BAŞ TUTUB
Fransalı professorun BDU-nun Hüquq fakültəsinin magistrantlarına dərsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində keçirilmişdir
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanovun təşəbbüsü və dəstəyi ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrası yaradılmışdır. Agentlik kafedranın fəaliyyətini hərtərəfli dəstəkləyir, həmçinin tədris prosesi və tələbələrin təcrübə keçməsi sahəsində Agentliyin imkanlarından geniş istifadə olunur.
Hüquq fakültəsində “Əqli mülkiyyət hüququ” ixtisası üzrə yeni magistr proqramı təsis edilmişdir. 2021-ci ildən qeyd olunan proqram Fransanın Lyon-2 Universiteti ilə bağlanmış müqavilə əsasında ikili diplom proqramına çevrilmişdir. Proqramı uğurla başa vuran məzunlara həm Bakı Dövlət Universitetinin, həm də Lyon-2 Universitetinin diplomları veriləcəkdir. Bu proqram çərçivəsində Əqli Mülkiyyət Agentliyi magistrantların praktiki biliklərinin inkişaf etdirilməsi və bu sahədə mövcud peşəkar təcrübənin öyrənilməsi istiqamətində əsas tərəfdaş kimi çıxış edir.
Azərbaycanda əqli mülkiyyət üzrə yeni nəsil mütəxəssisləri hazırlamağa imkan verən, ingilis və fransız dillərində aparılan bu proqram, ilk fransız-Azərbaycan ikili diplom proqramıdır. İkili diplom proqramı çərçivəsində həm BDU-nun, həm də Lyon-2 Universitetinin tədris prosesində iştirakı təmin edilmişdir. Əqli mülkiyyət hüququ: müqayisəli hüquq, Dizayn hüququ, Əqli mülkiyyət hüququnun aktual problemləri kimi fənlər fransız müəllimləri tərəfindən tədris edilir.
Müvafiq proqramda təhsil alan magistrantların bəzi dərslərinin Əqli Mülkiyyət Agentliyində keçirilməsinə başlanılmışdır. Agentliyin maddi-texniki bazasından istifadə etməklə dərslər standartlara uyğun formada təşkil edilir. Hal hazırda proqram çərçivəsində 9 magistrant təhsil alır.
Qeyd olunan proqram çərçivəsində Fransanın Lyon-2 Universitetinin professoru Aleksandr Kikerez Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Hüquq fakültəsinin magistrantlarına mühazirə keçmişdir. O, magistrantlara Avropa İttifaqında və xüsusən Fransada əqli mülkiyyət hüququnun iqtisadiyyatda roluna dair təqdimat nümayiş etdirmişdir. Mühazirədən sonra professor Aleksandr Kikerez və magistrantlar Əqli Mülkiyyət Agentliyinin kitabxanası, o cümlədən kitabxananın qızıl fondu və Agentliyin şöbələri ilə yaxından tanış olmuşdur.
Daha sonra Azərbaycanın tarixinə dair təqdimat nümayiş etdirildi. Sonra Aleksandr Kikerez və magistrantlar əmtəə nişanları və coğrafi göstəricilər, həmçinin əmtəə nişanlarının beynəlxalq qeydiyyatı şöbələrinin işi ilə tanış oldular.
Daha sonra isə fransalı professor və magistrantlar Agentlik tərəfindən nəşr edilən elmi jurnallarla tanış oldular.
Qeyd lazımdır ki, belə dərslərin gələcəkdə, mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur və onların Əqli Mülkiyyət Agentliyində keçirilməsi magistrantlara bu sahə üzrə yeni bilik və bacarıqlar əldə etmək imkanı yaradır.