HEYDƏR ƏLİYEV VƏ İNSAN HÜQUQLARI; QURTULUŞDAN BAŞLANAN İNKİŞAF YOLU MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB
16 İyun 2023 18:23
16 iyun 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə Fəaliyyət Planına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan “Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Hüquq fakültəsinin dekanı Zaur Əliyevin və Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın təşkilatçılığı və moderatorluğu ilə keçirilən konfransda Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Hüquq fakültəsinin professor-müəllim heyəti və bir qrup tələbəsi, deputatlar, hakimlər, habelə ədliyyə orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmişlər.
Açılış nitqi ilə çıxış edən Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova konfrans iştirakçılarını salamlayaraq Ümummilli lider Heydər Əliyevin hüquqi islahatlarından, insan hüquq və azadlıqlarının səmərəli və etibarlı müdafiəsi, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin yüksəldilməsi, şəffaflıq, qanunçuluq, insan hüquqlarına hörmət prinsiplərinin təmin edilməsi, vətəndaş cəmiyyətinin bərqərar olması sahəsində müstəsna xidmətlərindən söz açmışlar. Daha sonra Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına həsr edilən film nümayiş olunmuşdur.
Konfransın təşkilatçılarından biri kimi “İnsan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri” mövzusunda çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycan xalqının taleyində dönüş nöqtəsi yaradan və tariximizə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Gününün müstəsna tarixi əhəmiyyətini vurğulayaraq Azərbaycanın çətin vaxtında xilaskarlıq missiyasını və məsuliyyətini öz üzərinə götürən Ümummilli lider Heydər Əliyevin ölkənin ictimai-siyasi böhrandan qurtulmasına, vətəndaş həmrəyliyinin və sabitliyin təmin olunmasına, ardınca demokratik, hüquqi və dünyəvi dövlət yaradılmasına yönələn gərgin səylərindən söhbət açmışdır. İnsan hüquqları elminin formalaşmasının insan hüquqları sahəsində qanunvericilik bazasının yaradılması və inkişafından xeyli dərəcədə asılı olduğunu qeyd edən Zaur Əliyev Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi mexanizmlərini nəzərdə tutan beynəlxalq konvensiyaları ratifikasiya etməsini, həmin konvensiyalar əsasında müasir milli-hüquqi normaların işlənib hazırlanması və təkmilləşdirilməsinin Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələrdən biri olduğunu bildirmişdir. O, hüquqşünaslıq ixtisasında insan hüquqları sahəsində biliklərin geniş tədris edilməsinə, bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasına tələbatın günbəgün artmasına diqqəti çəkərək qeyd etmişdir ki, artıq illərdir ki, Hüquq fakültəsinin bakalavriat səviyyəsində “İnsan hüquqları” fənni tədris olunur və magistratura səviyyəsində müvafiq ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. Dekan Hüquq fakültəsinin insan hüquqları sahəsində maarifləndirici, yeniliklərin təbliğinə yönələn, müxtəlif əməkdaşlıqlara açıq, vətənpərvər, hüquqi dövlət quruculuğuna və hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından ibarət fəaliyyətindən geniş söhbət açmışdır. Artıq üçüncü ildir ki, Azərbaycan xalqının Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd etdiyini bildirən dekan, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ümummilli liderin siyasi kursunun ləyaqətlə və böyük uğurla davam etdirildiyini, bunun nəticəsi kimi torpaqlarımızın düşmən işğalından azad edildiyini, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlinin qoyulmasını və artıq icra edilmiş layihələrin açılışlarının edilməsini, habelə gələcəkdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha uca zirvələr fəth edəcəyimizə böyük inamını qürur hissi ilə ifadə etmişdir.
Konfransın gedişində həmçinin, Türkiyə Cümhuriyyəti Balıkesir Universitetinin rektoru, hüquq elmləri doktoru, professor Yücel Oğurlu, Ankara Universiteti Hüquq fakültesi dekanı, hüquq elmləri doktoru, professor Muharrem Özen, Ankara Universiteti Hüquq fakültesinin professoru, hüquq elmləri doktoru Cavid Abdullazadə, Kazan Federal Universitetinin Beynəlxalq hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Adel Abdullin, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev məruzələrlə çıxış etmişlər.
Beynəlxalq elmi-praktiki konfrans müzakirələrlə öz işini yekunlaşdırmışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42