HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
Hər il mayın 10-da xalqımız dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünü böyük ehtiramla qeyd edir. 10 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Hüquq fakültəsində professor-müəllim heyətinin iştirakı ilə qeyd edilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmış, Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş etdirilmiş və daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra fakültənin dekanı Zaur Əliyev çıxış edərək Ulu Öndərin şərəfli, hər bir azərbaycanlı üçün nümunə olan həyat yolundan bəhs etmişdir. O qeyd etmişdir ki, müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter almış, Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə isə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyev ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirmişdir. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha da aydın görünür. Zaur Əliyev onu da qeyd etmişdir ki, Ulu Öndərin əsasını qoyduğu xeyirxahlıq missiyası bu gün dahi şəxsiyyətin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən uğurla davam etdirilir. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir,ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bu gün Qarabağda quruculuq işləri sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdır. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi.
Daha sonra tədbir professor-müəllim heyətinin çıxışları ilə davam etmişdir. Tədbirdə Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor Məsumə Məlikova, Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Əqli mülkiyyət hüququ kafedrasının müdiri h.f.d. Aydın Səfixanlı çıxış etmişlər. Sonda fakültənin 2-ci kurs tələbəsi Cavid Mirzəzadə tələbələr adından çıxış etmişdir.