“Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfrans
22 Dekabr 2023 16:59
2023-cü ilin 21-22 dekabr tarixlərində Bakı Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransdan öncə Hüquq fakültəsinin dekanı və professor-müəllim heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, eləcə də Milli Məclisin deputatları, dövlət və hökumət qurumlarının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayan konfrans Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin açılış nitqi ilə öz işinə başlayıb.
Ulu Öndərə həsr olunmuş videoçarxın nümayiş etdirilməsindən sonra Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Hüquq fakültəsi-95” adlı məruzə ilə çıxış etmişdir. Dekan bildirmişdir ki, Ümümmilli Lider Heydər Əliyevin “Azərbaycanın milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin Hüquq fakültəsi 95 il ərzində şərəfli bir yol qət etmişdir. Hüquq fakültəsinin inkişafının ən mühüm mərhələsinin müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayan dekan, hüquq sahəsində milli kadrların məhz Ulu Öndərin göstərişi ilə hazırlanmağa başlanıldığını və bununla da milli hüquq məktəbinin əsasının qoyulduğunu, Ulu Öndərin hüquq islahatlarının isə hüquq elminin yeni mərhələdə inkişafını təmin etdiyini bildirmişdir. Fakültə dekanı məhz bu baxımdan Hüquq fakültəsinin 95 illik yubileyinin Heydər Əliyev İli çərçivəsində qeyd edilməsinin olduqca əlamətdar olduğunu diqqətə çatdırmışdır.
Ulu Öndərin bu istiqamətdə formalaşdırdığı siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən fakültə dekanı, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələrin Azərbaycan təhsilinin inkişafına töhfə verən əsas amillərdən olduğunu vurğulamışdır.
Hüquq fakültəsinin tələbə və məzunlarının Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən torpaqlarının işğalçılardan azad edilməsində fəal iştirakı vurğulanmışdır.
Hüquq fakültəsinin bu günündən qürurla danışan Zaur Əliyev Fakültənin hüquq elminin inkişafına verdiyi töhfələr – yeni dərsliklərin hazırlanması, elmi seminarların, konfransların təşkili, tədris prosesinin yeni metodikalar əsasında aparılması, müxtəlif dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində praktik hüquqşünasların tələbələrə mühazirələr söyləməsi, fakültədə yenilik olan və uğurla tətbiq olunan hibrid tədris metodundan istifadə olunması, eləcə də tələbələrin uğurları haqqında geniş məlumat vermişdir.
Nitqinin yekununda dekan bütün hüquq ictimaiyyətini fakültənin 95 illik yubileyi münasibətilə təbrik etmiş, qonaqlara konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Hüquq fakültəsinin fəaliyyəti onun inkişaf dinamikasının yüksək olduğunu və fakültənin Ulu Öndər Heydər Əliyevin ənənəsinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasətinə sadiq qaldığını bir daha təsdiq edir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov çıxış edərək, Ulu Öndərin elm və təhsilə qayğısından danışmış və çıxışının sonunda hər bir uğurlu tələbənin arxasında dayanan Hüquq fakültəsinin professor-müəllim heyətini təbrik etmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru, Hüquq fakültəsinin Yekun Dövlət Attestasiya Komissiyasının sədri Kamran Əliyev Hüquq fakültəsinin keçmişi, bu günü və gələcəyi ilə bağlı təhlili əks etdirən çıxış etmiş, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ildə Fakültənin 95 illiyinin qeyd olunmasını xüsusi vurğulayaraq, professor-müəllim heyətini təbrik etmişdir.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli Ulu Öndərin demokratik hüquqi islahatlarının hüquq elminə və təhsilinə verdiyi töhfələrdən danışaraq, xüsusi vurğulamışdır ki: “Biz hər birimiz qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev dövrünün hüquqşünasıyıq”.
Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavini Vilayət Zahirov Hüquq fakültəsinin professor-müəllim heyətini təbrik etmiş, belə bir yubileyin Heydər Əliyev İlinə təsadüf etməsini uğurlu bir hal kimi xüsusi vurğulamışdır.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov çıxış edərək, Hüquq fakültəsinin müasir dövrdə yeni inkişaf tendensiyalarından bəhs etmişdir.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva fakültənin tədris sahəsində BMT ilə əməkdaşlığından danışmışdır.
Fakültənin yaşıdı, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məlikova Hüquq fakültəsi haqqında xatirələrini konfrans iştirakçıları ilə bölüşmüşdür.
Fasilədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov təbrik çıxışları etmişlər.
Çıxışlardan sonra Hüquq fakültəsinin 95 illiyi münasibətilə fakültənin tələbələri tərəfindən hazırlanmış “tamaşa” nümayiş etdirilmişdir. Fakültənin tarixi, formalaşması və inkişafı ilə bağlı olan “tamaşa” konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Konfrans işini hüququn müxtəlif sahələrini əhatə edən ayrı-ayrı bölmələrdə davam etdirmişdir.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42