HÜQUQ FAKÜLTƏSİ TƏLƏBƏSİ FƏXRİ DİPLOMLA TƏLTİF OLUNUB
Bu gün Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən müharibəsində şəhid olan soydaşlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir.
Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının gənc müəllimi Nuran Məmmədli, Hüquq fakültəsinin I kurs tələbəsi, şahmat üzrə Avropa çempionu Uğur İlyaslı çıxış edərək tələbə-gəncləri təbrik ediblər.
Çıxışçılar Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.
Tədbirdə BDU-nun elan etdiyi 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.
Daha sonra BDU-nun rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamələr, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə BDU-nun yaradıcı tələbələrinə fəxri diplomlar təqdim ediblər.
Təltif olunanlar sırasında Hüquq fakültəsinin Əqli Mülkiyyət Hüququ kafedrasının magistrantı Əlizadə Firavan Süleyman qızı da olub.
Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələblərlə birgə hazırladığı konsert proqramı ilə davam edib.