HÜQUQ FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİNDƏ OLMUŞLAR
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri Yasamal rayon məhkəməsində olmuşlar
Avropa Şurasının və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən qeyd edilən 25 oktyabr-Avropada Mülki Ədalət Mühakiməsi günü ölkəmizdə də geniş miqyasda qeyd olunur, bu münasibətlə məhkəmələrdə "açıq qapı" günləri, hüquqi maarifləndirmə, məhkəmələrin fəaliyyəti ilə tanışlıq tədbirləri həyata keçirilir.
Həmin tədbirlər çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Ədliyyə Akademiyası ənənəvi olaraq Avropada Mülki Ədalət Mühakiməsi günü münasibətilə tələbələrinin respublikanın məhkəmələri ilə tanışlıq tədbirlərini, səhnələşdirilmiş məhkəmə proseslərini keçirir.
Cari ilin 25 oktyabr tarixində Ədliyyə Akademiyası və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə fakültənin tələbələri üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsi ilə tanışlıq tədbiri təşkil edilmişdir. Tədbir çərçivəsində Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev tələbələri Yasamal Rayon Məhkəməsinin inzibati binası ilə tanış etmiş, tələbələrə məhkəmə iclas zallarını, vətəndaşların qəbulu otağını, məhkəmənin kitabxanasını, icra xidmətinin yerləşdiyi otaqları göstərmişdir.Daha sonra onlara elektron məhkəmə informasiya sistemi, bu sistemindən istifadə qaydaları və sistemin texniki imkanları barədə ətraflı məlumat vermişdir. Tələbələrin həmçinin gələcəkdə açıq məhkəmə proseslərində iştirak etməsi, onları könüllü qismində məhkəmənin fəaliyyətində iştirak imkanları vurğulanmışdır. Sonda tələbələrin bütün sualları ətraflı şəkildə cavablandırılmışdır.