I KURS MAGİSTRLARLA GÖRÜŞ BAŞ TUTUB
Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin birinci kurs magistrantları ilə görüş keçirmişdir. Magistrantlar qarşısında çıxış edən dekan bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetində təhsil almaq hər bir gənc üçün şərəfdir, eyni zamanda xüsusi bir məsuliyyətdir. O, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini vurğulamışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirmişdir.
1928-ci ildə yaradılmış Hüquq fakültəsinin tarixi, keçdiyi inkişaf yolu haqqında məlumat verən dekan hal-hazırda magistratura təhsil səviyyəsində 20 istiqamət üzrə hüququn müxtəlif sahələrini əhatə edən ixtisaslaşmaların olduğunu, bir sıra nüfuzlu xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramının həyata keçirildiyini, ƏL-Fərabi adına Qazaxıstan Milli Universiteti və Hüquq fakültəsinin birgə əməkdaşlığının nəticəsi olaraq bu il Dəniz və enerji hüququ üzrə, həmçinin Əqli mülkiyyət hüququ üzrə magistrantların ilk buraxılışının olduğunu, doktorantura proqramı üzrə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti ilə əməkdaşlıq haqqında müqavilənin və Avropa hüququ üzrə Litvanın Vilnüs Universiteti ilə müqavilə imzalandığını bildirmişdir. Dekan həmçinin, 2022/2023-cü tədris ili magistratura üzrə 2 yeni ixtisaslaşmanın, Ekologiya hüququ (2 nəfər, Azərbaycan bölməsi) və Vergi hüququ (5 nəfər Azərbaycan bölməsi, 5 nəfər ingilis bölməsi) yaradıldığını, hər iki ixtisaslaşma üzrə dünya təcrübəsi nəzərə alınaraq yeni tədris planları hazırlandığını diqqətə çatdırmışdır. Zaur Əliyev fakültənin əsas məqsədinin keyfiyyətli və qabaqcıl beynəlxalq standartlara cavab verən, Magna Charta Universitatum müddəalarına uyğun olaraq təhsilin və tədris prosesinin təşkili, innovativ elmi tədqiqat işlərinin aparılması üçün zəruri şəraitin yaradılması və sağlam elmi mühitin formalaşdırılması, həmçinin öz təhsillərini Hüquq fakültəsinə etibar etmiş şəxsləri yüksək biliklərlə təmin etməkdən ibarət olduğunu bildirmişdir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev magistrantların suallarını cavablandırmış, təkliflərini dinləmişdir.