I KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ BAŞ TUTUB
Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin birinci kurs tələbələri ilə görüş keçirmişdir. Tələbələr qarşısında çıxış edən dekan bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetində təhsil almaq hər bir gənc üçün şərəfdir, Hüquq fakültəsinin tələbəsi olmaq isə xüsusi bir məsuliyyətdir.
Ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası haqqında danışan Zaur Əliyev dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizi məhv olmaqdan, parçalanmaqdan və süquta uğramaqdan xilas edərək yeni, müasir hüquqi-demokratik Azərbaycan dövləti qurduğunu, bugünkü uğurların və qələbələrin möhkəm təməlini qoyduğunu diqqətə çatdırmışdır. O, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini vurğulamışdır. O, həmçinin, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirmişdir.
1928-ci ildə yaradılmış Hüquq fakültəsinin tarixi, keçdiyi inkişaf yolu haqqında məlumat verən dekan hal-hazırda əsas məqsədin keyfiyyətli və qabaqcıl beynəlxalq standartlara cavab verən, Magna Charta Universitatum müddəalarına uyğun olaraq təhsilin və tədris prosesinin təşkili, innovativ elmi tədqiqat işlərinin aparılması üçün zəruri şəraitin yaradılması və sağlam elmi mühitin formalaşdırılması, həmçinin öz təhsillərini Hüquq fakültəsinə etibar etmiş şəxsləri yüksək biliklərlə təmin etməkdən ibarət olduğunu bildirmişdir.
Zaur Əliyev tələbələrin çoxsaylı suallarını cavablandırmış, təkliflərini dinləmişdir.