III KURS TƏLƏBƏLƏRİ BAKI APELLYASİYA MƏHKƏMƏSİNDƏ OLMUŞLAR
Heydər Əliyev İli çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə Tədbirlər Planına uyğun olaraq fakültənin III kurs tələbələri "Cinayət prosesi" kafedrasının dosenti Könül Hüseynovanın rəhbərliyi ilə Bakı Apellyasiya Məhkəməsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etmişlər. Açılış nitqi ilə çıxış edən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan hüquq sisteminin, müstəqil məhkəmə hakimiyyətinin inkişafında Ümummilli lider Heydər Əliyevin misilsiz rolundan ətraflı bəhs etmişdir. Daha sonra məruzə ilə çıxış edən tədbir iştirakçıları ölkəmizdə hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu sahəsində, məhkəmə sisteminin təkmilləşdirilməsi, eləcə də kadr potensialının, hüquq təhsilinin inkişafı yolunda Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən və bu gün onun siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsindən bəhs etmişlər. Hüquq fakültəsinin III kurs tələbəsi Cavid Mirzəzadə fakültə tələbələri adından çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyinə dəvət üçün təşəkkür etmiş, Ulu Öndər Heydər Əliyevin ideyalarının gənclər tərəfindən gələcək fəaliyyətlərində rəhbər tutulmasının onların qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulamışdır.