İKİLİ DİPLOM PROQRAMINA DAİR FRANSA SƏFİRLİYİNDƏ QƏBUL KEÇİRİLİB
BDU-nun Hüquq fakültəsinin əqli mülkiyyət hüququ sahəsində ikili diplom magistr proqramına dair Fransa səfirliyində qəbul keçirilmişdir
Hüquq fakültəsində “Əqli mülkiyyət hüququ” ixtisası üzrə təsis edilən yeni magistr proqramı 2021-ci ildən Fransanın Lyon-2 Universiteti ilə bağlanmış müqavilə əsasında ikili diplom proqramına çevrilmişdir. Proqramı uğurla başa vuran məzunlara həm Bakı Dövlət Universitetinin, həm də Lyon-2 Universitetinin diplomları veriləcəkdir.
Həmin proqram çərçivəsində magistrantlara tədris həm BDU Hüquq fakültəsinin, həm də Lyon-2 Universitetinin müəllimləri tərəfindən aparılır. Tədris proqramına uyğun olaraq, Lyon-2 Universitetinin əqli mülkiyyət hüququ üzrə professoru Aleksandr Kikerez bir həftə müddətində Hüquq fakültəsində magistrantlara dərs demişdir.
Lyon-2 Universitetinin professorunun Bakıya səfərinin yekunları və tədris ilinin başa çatması ilə bağlı Fransa səfirliyində qəbul təşkil edilmişdir. Qəbulda Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros, Azərbaycanda Fransa İnstitutunun direktoru Jerom Kel, BDU-nun prorektoru Şahin Pənahov, Hüquq Fakültəsinin dekanı Zaur Əlivev, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və əmtəə nişanlarının ekspertiza mərkəzinin direktoru Xudayat Həsənli, Lyon-2 Universitetinin professoru, layihənin Fransadakı koordinatoru Aleksandr Kikerez, Bakı Dövlət Universitetinin müəllimi və proqramın Bakıdakı koordinatoru Aydan Məmmədova və proqramda fransız dilinin tədrisini həyata keçirən müəllimlər iştirak etmişdir. Həmçinin, qəbulda proqram çərçivəsində hal hazırda təhsil alan magistrantlar və növbəti ildə proqrama qəbul olmağa hazırlaşan tələbələr iştirak edirdilər.
Tədbirdə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanovun təşəbbüsü və dəstəyi ilə Əqli mülkiyyət hüququ kafedrasının yaradılması və uğurla fəaliyyətini, yeni nəsil hüquqşünas kadrları hazırlamağa imkan verən, ingilis və fransız dillərində aparılan bu proqramın ilk Azərbaycan-fransız ikili diplom proqramı olduğunu diqqətə çatdırmışdır.
Qəbulda ikili diplom proqramının Azərbaycan- Fransa əlaqələrinin genişlənməsinə və möhkəmləndirilməsinə töhvə verdiyi qeyd edilmişdir.