İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24 may 2024-cü il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Cinayət Hüququ Klubu” və fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən “İttiham yoxsa bəraət?” adlı məhkəmə simulyasiyası keçirilmişdir. Məhkəmə simulyasiyasında açılış nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Cinayət hüququ və kriminologiya kafedrasının və fakültənin professor-müəllim heyətinin tələbələrin inkişafı üçün həyata keçirdiyi belə tədbirlərin vacib rol oynadığını vurğulayaraq, tələbələrin nəzəri biliklərini praktika ilə əlaqələndirməyin əhəmiyyətindən danışmış və onlara uğurlar arzulamışdır. Sonra Hüquq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Eltac Allahyarlı simulyasiyanın ekoloji cinayətlərlə bağlı olduğunu, ekologiyanın cəmiyyət üçün mühim rol oynadığını və ətraf mühitə qarşı törədilmiş hüquqazidd əməllərin ciddi məsuliyyətə səbəb olduğunu qeyd etmişdir. Məhkəmə simulyasiyasında təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.6, 192.1 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışı həyata keçirilmişdir. Məhkəmə simulyasiyasında Tofiq İbadzadə ( sədrlik edən hakim), Nərmin İsmiyeva (hakim), Fatimə Allahverdiyeva (hakim), Səma Cəfərova (məhkəmə iclas katibi), Güllü Abbasova (dövlət ittihamçısı), Fərid Əlixanov (təqsirləndirilən şəxs), Fidan Allahverdiyeva (təqsirləndirilən şəxsin müdafiəçisi), Münəvvər Ələsgərova (zərərçəkmiş şəxsin hüquqi varisi), Səmayə Abbasquliyeva (zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi), Ləman Abdullayeva (şahid), Fidan Qəribli (şahid), Rahul Qəhrəmanov (şahid), Nübar Xəlilzadə (tərcüməçi) və Aytən Nurəhmədova (icra məmuru) rollarını uğurla canlandıraraq simulyasiyanı peşəkar səviyyədə icra etdilər. Fakültənin I və II kurs tələbələri tərəfindən hazırlanan məhkəmə simulyasiyasının sonunda Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova tələbələrin cinayət hüququna olan böyük marağını və bu hüquq sahəsi ilə bağlı tədqiqat aparmalarını yüksək qiymətləndirdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. Simulyasiya auditoriya tərəfindən böyük maraqla qarşılandı.