KİTABLA GƏLƏCƏYƏ ADLI KİTAB KLUBU FƏALİYYƏTƏ BAŞLAYIB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tələbələrin təşəbbüsü ilə kitab klubu fəaliyyətə başlamışdır. Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən tələbələrin inkişafına dəstək məqsədilə "Kitabla gələcəyə" adlı kitab klubu yaradılmışdır. Bununla bağlı tələbələrlə keçirilən görüşdə klubun fəaliyyəti barədə ətraflı məlumat verilmiş və klubda mövcud olan kitablar tələbələrin istifadəsinə təqdim olunmuşdur. Klubun əsas məqsədləri arasında müxtəlif növ kitabların, həmçinin hüquq ədəbiyyatının, o cümlədən çətin tapılan kitabların tələbələrə pulsuz çatdırılması, həmçinin vaxtaşırı əyani görüşlər təşkil edərək oxunan əsərlərin müzakirəsi və fərdi inkişafa dair müxtəlif fəaliyyətlərin həyata keçirilməsidir. Kluba üzv olmaq üçün sadəcə 3 aylıq abunəlik haqqı olaraq 1 kitab bağışlanması kifayətdir. Həmçinin qeyd edək ki, əsas məqsədi tələbələr arasında mənəvi dəyərlərin formalaşdırılması və onların fərdi inkişafının dəstəklənməsi olan klubumuz universitetlər arasında bir ilkdir.